Novruz Aslan: Ən böyük problem ruhdan düşməyimizdir - MÜSAHİBƏ

Novruz Aslan: Ən böyük problem ruhdan düşməyimizdir - MÜSAHİBƏ
11:05 13-10-2018 | icon 92

milletinsesi.info-ın müxbirinin suallarını millət vəkili, tanınmış bəstəkar Novruz Aslan cavablandırır:

- Novruz müəllim, söhbətimizə mədəniyyət aləmində yaşananlardan başlamaq istərdim. Təəssüflər olsun ki, ölkəmizdə bir çox sahələrdə böyük irəliləyişlərə rəğmən, mədəniyyət sahəsində müəyyən geriləmələr var.

Daha doğrusu, bu gün nə istədiyimiz səviyyədə ciddi mədəniyyət əsərləri yaranır, nə də ki, olanlara ciddi münasibət sərgilənir. Sovetlər dövründə həm ciddi əsərlər daha çox idi, həm də onların dinləyiciləri, izləyiciləri, auditoriyası...

Həm şikayətlənirik, həm də ciddi əsərlərə biganəlik göstərir, bayağıların ağuşuna atılırıq. Niyə, səbəb nədir?

- Açığı deyim ki, ilk olaraq, bu sualdan başlamağınız məni çox təəccübləndirdi. Əslində, fikirləşirdim ki, ictimai sahədə çalışdığım, siyasətçi, millət vəkili olduğum üçün söhbətə sosial-siyasi məsələlərdən başlayacağıq. Buna baxmayaraq, bu məsələ xüsusi maraq doğurdu.

Görünür, cəmiyyətimizin indiki inkişaf səviyyəsində bu problem daha aktualdır. Bu, onunla bağlıdır ki, vətəndaşı olduğumuz bu cəmiyyətdə qarşılaşdığımız çox mürəkkəb ictimai-siyasi məsələlərə biganə qala bilmirik.

Biz bu cəmiyyətin bir üzvü, dövlətin bir nümayəndəsiyik. Təbii ki, burada baş verən hansı xarakterdən və səviyyəsindən asılı olmayaraq, daha çox diqqətçəkən hadisələr bizi narahat edir. Belə məsələlərə tənqidi yanaşmağımız çox vacib şərtlərdəndir. Bütün bunlar hər birimizin maraq dairəsində, diqqət mərkəzində olmalı, ona biganə qalmamalıyıq. Sanki bəzən bu məsələlərə seyirçi münasibət bəsləyirik.

Artıq belə məsələlər bizi düşündürməli, səbəblərini və həlli yollarını axtarıb-tapmağa çalışmalıyıq. 27 ildir hər cür çətinliyi aradan qaldıraraq daim tərəqqi edən bu müstəqil dövlətin vətəndaşlarıyıq. Bu dövr ərzində müəyyən çətinliklərlə bərabər, kifayət qədər uğurlarımız olub və bu gün də davam edir. Keçmişimizə nəzər salsaq, görərik ki, artıq cəmiyyətimizin inkişafında yeni bir mərhələ, yeni bir dövrün başlanğıcıdır.

Uşaq ana bətnindən, yaşadığı bir məkandan birdən-birə tam başqa bir məkana qədəm qoyur, fərqli bir dünyaya göz açır. Müstəqillik, azad yaşam tərzi də məhz həmin uşağın doğuluşuna bənzəyir. Bu, heç də asan olmayıb, ağrılı, acılı proseslərdən keçdik. 20 Yanvar hadisəsini yaşadıq, Qarabağ müharibəsi, ərazilərimizin işğalı və bir çox problemlərlə üz-üzə qaldıq (və təəssüflər olsun ki, dünyanın ədalətsizliyi səbəbindən işğal olmuş ərazilərimiz hələ də qalmaqdadır).

Uzun mübarizədən sonra müstəqillik yoluna qədəm qoyduq, azadlıq əldə etdik. Azərbaycan dövləti heç kimdən asılı olmadan yaşamağa başladı. Bu azadlıq, müstəqillik hər bir sahəyə aid olduğu kimi, incəsənət sahəsində də özünü göstərdi. 

Deməzdim ki, indi keyfiyyətli, ciddi əsərlər yaranmır. Bu gün bizim Milli Konservatoriya, Musiqi Akademiyası yüksək ixtisaslı mütəxəssislər hazırlayır, gözəl musiqiçilərimiz var. Onlar öz qəlbi ilə, ürəyi ilə bu sahəyə bağlı olan insanlardır. Onlar ölkəmizdə baş verən böyük dəyişiklikləri əks etdirən ciddi əsərlər yaradırlar. Amma gəlin, görək, onların yaratdığı əsərləri bu gün efir məkanında eşidə bilirikmi? Onları cəmiyyətə asanlıqla transfer edə bilirikmi?

- Sizcə, buna tələbat var və ya transfer edə bilirikmi?

- Əlbəttə ki, var. Bax, elə bu məsələdən başlamaq lazımdır. Çox təəssüflər olsun ki, müəyyən istisnaları nəzərə almasaq, məsələyə müsbət cavab vermək çox çətindir. Bu, bir acı reallıq, gerçəklikdir. Mən, “ciddi əsərlər yaranmır” ifadəsini qəbul etmək istəməzdim. Əslində, bütün dövrlərdə bu məsələdə fərqli mövqe ortaya qoyulub.

Əgər kimsə hansısa bir əsər ərsəyə gətirirsə, yaxud bir jurnalist kimi özünüz hansısa bir yazı hazırlayırsınızsa, ilk növbədə, onun təqdimatı, ictimaiyyətə çatdırılması lazım gəlir.

Siz bunu kimin üçün edirsiniz? Təbii ki, cəmiyyət üçün. Sizin o yazınız və yaxud da yaratdığınız əsər əgər öz tamaşaçısını, yaxud oxucusunu tapmırsa, elə sizin özünüzdə də qalacaq. Sizdən və bir-iki nəfərdən başqa heç kimin ondan xəbəri olmayacaq. Ona görə bu məsələlərə sistemli şəkildə yanaşmaq lazımdır.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, bir ziyalı olaraq məsuliyyətlə qeyd etmək istərdim ki, biz artıq yeni dövrü yaşayırıq, həyatımızın bütün sahələrində yeni-yeni proseslər baş verir. Çox vaxt keçməsinə baxmayaraq, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində bir çox yeniliklər var və bu tendensiya artmaqdadır.

Artıq bu yeniliklər bizə imkan verir ki, yaxşı təhlillər aparaq, görək, nələri əldə etdik, nələri itirdik və yaxud nələri qazana bilərdik, amma qazana bilmədik...

Bu gün televiziya məkanı respublikada baş verən hadisələrə, yeniliklərə geniş yer ayırır, maraqlı verilişlər hazırlayaraq təqdim edir. Əfsuslar olsun ki, bu sahədə hələ də müəyyən çatışmazlıqlar var. Bu gün bizim ictimaiyyətə yaxın olan insanlardan, xüsusilə musiqiçilərdən, incəsənətlə məşğul olan insanlardan sənət nümunələri görə bilmirik.

Düzdür, əvvəlki illərlə müqayisədə, son zamanlar efir məkanında yaxşı musiqilər səsləndirilir, bunu inkar etmirəm. Bununla əlaqədar çoxlu nümunə göstərə bilərəm. Misal üçün, bu yaxınlarda radio dalğalarında xalq artisti Zülfiyyə Xanbabayevanın ifasında “Etiraf” adlı gözəl bir musiqi əsəri dinlədim.

Öyrəndim ki, bu əsərin müəllifi Xalq artisti, bəstəkar Faiq Sücəddinovdur. Dərhal ona telefon açdım və bu əsərə görə təşəkkür etdim. Amma, nədənsə belə əsərləri az eşidə bilirik.

- Nədən, hansı səbəbdən?

- Səslənən bayağı mahnılar, zövqləri korlayan “musiqilər”, demək olar ki, ciddi əsərləri kölgədə qoyur. Burada zövqlərin korlanmasının şahidi oluruq. Nədənsə bu məsələlər insanları az maraqlandırır. Bilmirəm, hansı təsir qüvvələri burada yer alır? Bəlkə, kosmosdan və yaxud qəbul etdiyimiz qidaların hansısa bir təsiri var? Bəlkə, genetikamızda hansısa bir dəyişikliklər baş verir?

Hələ də bunun cavabını tapa bilmirəm. Bir bayağı musiqi var, adını çəkmək istəmirəm, bu yaxınlarda internetdə, sosial şəbəkələrdə geniş yayılmışdı. Bu sənətdə 30 ilə yaxın çalışan bir insan kimi fikirləşirəm, axı, burada maraqlı nə var? Mahnının nə musiqisi, nə də sözləri bir məna kəsb edir! Bəs elə isə nə baş verir?

Burada xoşagəlimli nə var ki, insanlarımız onları dinləyir, onlara diqqət ayırırlar? Şəxsən mən orada sənət, musiqi adına heç nə tapa bilmədim. Təəssüf ki, belə musiqilər nədənsə bəzi insanlar tərəfindən coşqu ilə qarşılanır, onlara maraq göstərilir. Toylarda, məclislərdə məhz o bayağı, dayaz, cılız musiqilərin müşayiəti ilə həmin adamlar həvəslə rəqs edir, xüsusi canfəşanlıq göstərirlər. Məni də narahat edən budur.

Biz insan, fərd olaraq keçmiş çətinlikləri arxada qoyaraq, pillə-pillə inkişaf edərək, XXI əsrə qədəm qoymuşuq. Lakin indi də bəzi ünsürlərə görə mənəviyyatımızın korlanması hallarına rast gəlirik. Bu, məni narahat etməyə bilməz. Hamıya bəllidir ki, insan cəmiyyətdə formalaşır, ictimai münasibətlərə girərək fəaliyyət göstərir.

Amma bu münasibətlər heç də bizim istədiyimiz, fikirləşdiyimiz kimi baş vermir. Biz gənclərimizdə görmək istədiklərimizi görə bilmirik. Əlbəttə, bunun həm obyektiv, həm də subyektiv səbəbləri ola bilər. Gənc nəslin formalaşmasında biz daha diqqətli olmalı, onların həyat tərzi, fəaliyyəti ilə hərtərəfli maraqlanmalıyaq. Vacib olan məsələlərdən birincisi təhsildir. Hərçənd, son zamanlar təhsildə böyük işlər görülür və mühüm islahatlar aparılır. İnanıram ki, bu işlər gələcəkdə öz bəhrəsini verəcək və biz gözlədiyimizə nail olacağıq.

Çünki təhsildə olan islahatlar bir günə, iki günə həyata keçirilə bilməz, buna zaman tələb olunur. İnanıram ki, hazırda bu sahəyə rəhbərlik edənlər gələcəyi nəzərə alıb, təhsildə yaşananları sistemli şəkildə dəyişəcəklər. Bu, mütləq şəkildə lazımdır. Təhsil bizim gələcəyimizdir. Başqa sahələrdən fərqli olaraq, təhsildə gecikmək, arxayınlaşmaq, dayanmaq olmaz. Bu sahənin inkişafı davamlı olmalıdır. Məncə, hər bir insan, hər bir vətəndaş özü də buna maraq göstərməlidir. Burada təkcə təhsildən deyil, mədəniyyətdən, elmdən də söhbət gedir. Odur ki, bunlara sistemli şəkildə yanaşılmalıdır.

Respublika prezidentinin məqsədi maddi kapitalı mənəvi kapitala, elmi kapitala çevirməkdən, insanların mənəviyyatını zənginləşdirməkdən, ölkəmizi daha qüdrətli etməkdən, neftdən asılı olmayaraq, iqtisadiyyatı, sənaye və kənd təsərrüfatınının bütün sahələrini inkişaf etdirməkdən ibarətdir.

- Öz sahənizlə (mədəniyyənt, incəsənət aləmi nəzərdə tutulur) bağlı məsələlərdə optimistsiniz, yoxsa pessimist? 

- Pessimist deyiləm, amma deyim ki, tam optimistəm, o da düzgün alınmaz. Mən bir verilişdə çıxış edirdim. Mənə reytinq haqqında sual verdilər. Hazırda bir çox özəl televiziyalarda iddia edirlər ki, bəzi bayağı verilişlərə və yaxud hansısa səviyyəsi aşağı olan bir aparıcıya bu gün tələbat var.

Bunu hansı meyarlara əsaslanıb deyirlər, bilmirəm. Bəlli olur ki, hər hansı bir  televiziya verilişinə baxış digərlərinə nisbətən daha çoxdur. Buradan belə bir nəticə çıxır ki, həmin verilişin reytinqi var və o, mütləq efirdə yaşamalı, davam etməlidir. Bu, təbii ki, düzgün yanaşma deyil.

Ola bilər ki, hansısa bir verilişdə bayağı, ictimaiyyətə lazım olmayan bir söhbət, şit zarafat yer alır, onun  minlərlə izləyicisi olur. Amma buna heç də maarifləndirmə demək olmaz. Bu, cəmiyyətə müsbət heç nə verə bilməz. Suala cavab olaraq dedim ki, televiziyalarda reytinqlər heç də belə üsullarla ölçülməməlidir.

Əgər kimsə efirdə səslənən mənalı, dəyərli sözləri dinləyirsə, mənə elə gəlir ki, belə insanların sayı az olsa belə, o, bayağı və şit verilişlərə qulaq asanlardan daha əhəmiyyətli, faydalıdır. Çünki belə verilişlərin əsas izləyiciləri ziyalılar, alimlərdir, dünyanı dərk edən, yaxşını pisdən ayıran, haqqı tanıyan insanlardır. Dəfələrlə, televiziyalarda yayımlanan müxtəlif səpkili, aktual mövzulu verilişlərin iştirakçısı olmuşam.

Efirdəki söhbətlərimi, şıxışlarımı ziyalılar dinləyirsə, deməli, mənim dinləyicilərə olan təsir gücüm o bayağı verilişlərdən daha çoxdur. Baxmayraq ki, yaxşı musiqilərin dinləyicilərinin sayı səviyyəsiz musiqilərin dinləyicilərinin sayından azdır, onların qulaq asdığı mənasız musiqilər sonda sabun köpüyü kimi partlayaraq yoxa çıxır. Belə musiqilərin ömrü az olur. Kiçik bir zaman kəsiyində dinlənilir və sonradan tamamilə unudulur. Lakin ciddi əsərlərimiz, musiqilərimiz tarix boyu yaşayır.

Yeri gəlmişkən, deyim ki, cəmiyyəti irəli aparan kütlə deyil. Cəmiyyəti, dövləti inkişaf etdirən məhz nadir insanlardır, alimlərdir, siyasətçilərdir, sənətkarlardır və digərləridir. Buna görə də konkret olaraq musiqimə yüzlərlə və ya milyonlarla insanın qulaq asması məni heç də narahat etmir. Elə hansısa bir görkəmli insan mənim musiqimə qulaq asaraq əhval-ruhiyyəsi yaxşı olursa, bu, mənim üçün kifayətdir.

Özümü ən xoşbəxt insan hiss edərəm. Çünki o, sənətkardır, o, sənətə qiymət verməyi bacaran bir insandır. Deməli, onun zövqü korlanmayıb, o bilir musiqi nədir, incəsənət nədir. Bəzən hansısa bir tədbirdə 500-600 nəfər, 1000 nəfər iştirak edir. Amma bir neçə nəfəri çıxmaq şərti ilə iştirak edənlərin əksəriyyəti natiqlərə qulaq asmırlar. Qulaq asmayanlar, bəlkə, evdə valideynlərinin, böyüklərinin də sözünə qulaq asmır. Amma səni dinləyən səni gözəl anlayır. Elə ən vacibi də bundan ibarətdir.

Televiziyalara müsahibə verəndə heç də narahat olmuram. İndi bizim yazımızı ola bilər ki, kimsə oxuyacaq, kimsə oxumayacaq. Kimlərsə deyəcək ki, yenə Novruz Aslan başladı, yenə Kamil başladı.

Saytı çevir və yaxud qəzeti at o tərəfə. Şəxsən mən bundan heç narahat deyiləm. Amma bu yazını iki, yaxud üç nəfər oxuyacaq, nəsə qəbul edəcək. Bizim bu söhbətimizin fəlsəfəsi də elə bu sözləri məhz onlara çatdırmaqdan ibərətdir. Amma burada bir mənfi cəhət də var ki, onu mütləq nəzərə almalıyıq.

- Söhbət hansı cəhətdən gedir?

-  Təəssüflər olsun ki, biz bəzən özümüzə qapanırıq. Seyr etmək, danışmamaq, görməmək, bu, böyük problemdir. Bəzi sənətkarlar elə fikirləşir ki, sənətdə 30, 40, 50 il külüng vurub, böyük bir yol keçib, xalqına, dövlətinə, millətinə xidmət edərək əsərlər yaradıb, həmin əsərlərlə Azərbaycanımızı dünyaya tanıdıb.

Amma həmin sənətkar, istər yazıçı, istər şair, istər bəstəkar olsun, görəndə ki, onları başa düşmək istəmirlər, onlar elə özlərinə qapanırlar. Belə fikirləşirlər ki, nəyimə lazımdır, mən kimə deyim sözümü? Kim məni eşidəcək? Məni anlayan olacaqmı? Əşşi, nəyimə lazımdır, kimin üçün danışıram, əziyyət çəkirəm və sairə...

Bax, o “nəyimə lazımdır”lar gətirib vəziyyəti bu yerə çıxarır. Səbəblərdən biri də bax, budur. Bizim kənara çəkilməyimiz, ruslar demişkən, “mı zdayomsya”, bax, bunlar böyük problemlər yaradır. Hər zaman mübariz olub, heç vaxt təslim olmayıb, belə xoşagəlməz ünsürlərin qarşısını almaq üçün bu gün də mübarizəmizi davam etdirməliyik.

- Özünüz necə, təslim olursunuz, yoxsa?

- Mən təslim olmuram. Harada oluramsa olum, istər Qızıl Aypara Cəmiyyətinin xətti ilə baş tutan tədbirlərdə, istər seçicilərlə görüşlərim zamanı, bir sözlə, hər yerdə fikirlərimi açıq söyləyirəm, mövqeyimi bildirirəm. Kiməsə xoş gəlməsə belə, həqiqəti açıqlayıram. Qulaq asmaq, dinləmək özü də bir mədəniyyətdir. Harada nə demək olar, rəsmi sənədə necə cavab vermək lazımdır, necə oturmaq, necə durmaq lazımdır və s.

Televiziyalarda belə maarifləndirici verilişlərə daha çox yer ayrılmalıdır, bunlar təbliğ olunmalıdır. Təsəvvürünüzə gətirin ki, hansısa bir fikri söyləmək üçün heç də bizi hansısa stadionda yığmaq, hansısa geniş auditoriyaya toplamaq lazım deyil. KİV-də, sosial şəbəkədə minlərlə, milyonlarla izləyici olur. Sən istədiyin fikri onlara çatdıra bilərsən. Gəlin, açıq danışaq, son zamanlar müsbət fikri insanlara çatdıranlar deyil, əsasən, mənfi fikri çatdıran insanlar bu sosial şəbəkələrin aktiv iştirakçılarına çevriliblər. 

Bacardığımı edirəm və istəyirəm ki, digərləri də bunu etsinlər. Sosial şəbəkələrdə kimlər fəallıq göstərərək istənilən çıxışı etsə də, mənim reallığa əsaslanan çıxışım onlardan daha faydalı  olacaq. O 300 nəfər, 500 nəfər var ki, mənə qulaq asır, əsas onlardır, cəmiyyəti irəliyə aparan, güc verən, inkişaf etdirən də onlardır. Digər insanları da yavaş-yavaş bu yola yönəltmək və onların sayını çoxaltmaq lazımdır. Onları sıralarımıza qatmağı bacarmalıyıq. Ağıllı, elmli, bilikli, yaradıcı insanlar daha çox olmalıdır.

Biz bunlara xüsusi olaraq diqqət göstərməliyik. Biz bir dəqiqə, bir saniyə belə əllərimizi aşağı salmamalıyıq. Daim öz sözümüzü deməyi bacarmalyıq, bir daha deyirəm, təslim olmamalıyıq! Bu, bizim mənəvi borcumuzdur.

Əlimizi aşağı salsaq, biganəlik göstərsək, onda nə olacaq? Axı, bizim övladlarımız böyüyür, gələcəkdə onlar bizi bu boşluqlara görə qınaya bilərlər. Deyəcəklər ki, siz zamanında boşluq, laqeydlik göstərdiniz, qətiyyət göstərmədiniz. İnanıram ki, bu məsələlər daha çox diqqət çəkəcək və  təhsildə, mədəniyyətdə aparılan islahatlar davamlı olacaq. Biz bunun bəhrəsini gələcəkdə mütləq görəcəyik. 

Xüsusi olaraq ölkəmizin birinci vitse-prezidenti, “Heydər Əliyev Fondu”nun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini önə çəkmək istərdim. Mehriban xanımın rəhbərliyi ilə mədəniyyət, incəsənət sahəsində kifayət qədər uğurlu layihələr həyata keçirilib və bu gün də davam edir.

Eyni zamanda, ehtiyacı olan ailələrə, xəstələrə, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı ilə yanaşılır və lazımi köməkliklər göstərilir. Belə humanitar layihələr respublikanın hüdudlarından kənarda da keçirilir. Təkcə incəsənət sahəsini götürək.

Görün, “Heydər Əliyev Fondu”nun dəstəyi və təşkilatçılığı ilə nə qədər televiziya müsabiqələri, layihələri həyata keçirilib. Elə götürək, muğam və digər musiqi müsabiqələrini. Bu gün bu layihələrdə iştirak edən və qalib olan muğam ifaçılarının çoxu dövlət mükafatlarına, fəxri adlara layiq görülüblər. Bu sahənin inkişafına öz töhfələrini verirlər.

Əvvəldə qeyd etdiyimiz teleməkandakı problemləri artıq “Heydər Əliyev Fondu”, demək olar ki, həll edir. Efirə yenilik gətirir, milli-mənəvi dəyərlərimizi gənc və yeniyetmələrə aşılayır.   
Mən İsmayıllıdan seçilən bir deputat kimi regionların sosial-iqtisadi inkişafı istiqamətində atılan addımları nümunə kimi göstərmək istəyirəm.

Bu il İsmayıllı ilə əlaqədar, görün, nə qədər böyük hadisələr baş verdi. 27 il ərzində analoqu olmayan bir hadisədir ki, bir kənd üçün, bir bölgə üçün ardıcıl olaraq üç sərəncam imzalandı. Prezident İlham Əliyevin Lahıca yeni yolun salınması, qazın çəkilməsi, məktəbin tikilməsi ilə bağlı sərəncamlarını nəzərdə tuturam.

Bu yaxınlarda Lahıcla Dəmirçi kəndi arasında salınmış yolla getdim. Mənim çox xoşuma gəldi. Fəxarət hissi keçirdim ki, belə bir ölkənin vətəndaşıyam. İnanın, biz 100 il də, 200 il də sovet hakimiyyətinin tərkibində olsaydıq, Lahıca qaz və yol çəkilməyəcəkdi. Çünki siz özünüz də bilirsiniz ki, hansısa böyük bir dövlətin təsiri altında olmaq nə deməkdir. Səndən istifadə edilir, lakin əvəzi verilmir.

Bütün imperiyalarda tarix boyu belə olub. Bu imperiyaların əsas məqsədi tabeliyində olan ölkələri, dövətləri, xalqları özlərinin mənafeyinə xidmətə yönəltmək olmuşdur. Kimsə fikirləşir ki, əgər biz sovet dövlətinin tərkibində qalsaydıq, biz bundan da yaxşı inkişaf edəcəkdik, biz bundan da qüdrətli, güclü olacaqdıq, yanılır, çox böyük səhvə yol verir. Bir daha təkrar edirəm, müstəqilliyimiz olmadan bu uğurları heç vaxt əldə edə bilməzdik.

Fəxarət hissi ilə həmişə demişəm, indi yeri gəlmişkən təkrar edirəm. Ulu öndər Heydər Əliyev fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycan xalqıının yeganə, əvəzolunmaz LİDERİ olub. Bu həm Sovet İttifaqı dövründə belə olub, həm də Azərbaycan müstəqilliyini qazandıqdan sonra. Ulu öndərin uzaqgörən siyasətinin bəhrəsini biz bu gün əyani olaraq görürük, bunu yaşayırıq.

İndi baxın, ulu öndər müstəqil Azərbaycanı xalqımıza bəxş etdi, müstəqilliyimizin qorunub-saxlanılması üçün mühüm addımlar atdı. Möhtərəm prezidentimiz cənab İlham Əliyev bu məqsədyönlü siyasətin davamı olaraq bu gün Azərbaycanı bütün dünyaya tanıtdı. Bütün sahələrdə dinamik inkişafa nail oldu. Bölgələrimizdə sosial-iqtisadi sahədə gedən inkişaf göz önündədir. Dünyaya nümunə olan yeni dövlət idarəçiliyi modelini məhz İlham Əliyev yaratdı.

Tolerantlaq, multikultural dəyərlərin qorunub-saxlanılmasına xüsusi diqqət ayırdı. Azərbaycanda digər xalqların, etnik qrupların nümayəndələri daim qarşılıqlı hörmət və sülh şəraitində yaşamışlar, bu gün də yaşayırlar.

Bax, elə buna görə də Azərbaycan mədəniyyəti daha da zəngin və rəngarəngdir. Müxtəlif mədəniyyətlərin qovuşduğu nadir məkandır.  

Kamil HƏMZƏOĞLU