Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı
10:00 12-10-2018 | icon 32

Hər gün Azərbaycanda orta hesabla 371 uşaq anadan olur. 

milletinsesi.info xəbər verir ki, uşaqların 53%-i oğlan, 47%-ni qızlar təşkil edir.

Hesablamalara görə, Azərbaycanda yenidoğulmuşların sayı əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edir. 

Ümumilikdə gender balansı isə hələlik qadınların xeyrinədir. Artıq 90-cı illərdən sonra oğlanların doğuş göstəricisi qızlardan 5-7 faiz çox olsa da, qadınların sayı yenə çoxdur. Uzun müddətdir ki, dəyişməyən rəsmi statistikaya görə, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Nəticədə, hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Dövlət Statistika Komitəsinin məlumatına əsaslansaq, ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 45 min 141 nəfər və ya 0,5 faiz artaraq, 2018-ci il avqust ayının 1-i vəziyyətinə 9 milyon 943 min 226 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Əhalinin ümumi sayının 52,9 faizi şəhərlərdə, 47,1 faizi kənd yerlərində məskunlaşıb. 

Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

Cari ilin yanvar-iyul ayları ərzində ölkədə 34 min 812 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,1 təşkil edib.

2018-ci ilin yeddi ayında qeydiyyat şöbələri tərəfindən 33 min 9 nikah və 8 min 538 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub.

Bu ilin yanvar-iyul aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2 min 109 nəfər Azərbaycana gələn, 829 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq miqrasiyanın müsbət saldosu 1280 nəfər təşkil edib.