Məmmədyarovun meneceri 500 min məsələsinə aydınlıq gətirdi

Məmmədyarovun meneceri 500 min məsələsinə aydınlıq gətirdi
18:35 11-10-2018 | icon 29

Xəbər verdiyimiz kimi, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov özünə brendmeyker tapıb.

Sual yaranır. Bəs “Şah” ləqəbli Məmmədyarovun sponsorluq məsələsi nə yerdə qaldı? milletinsesi.info bunun üçün məşhur şahmatçımızın meneceri Rüstəm Nəcəfovla əlaqə saxlayıb.

Nəcəfov sponsorluq etmək istəyən şirkətlərlə hələ danışıqların getdiyini bildirib:

“Hazırda da şirkətlərlə danışıqlar gedir. Rəsmi olaraq hansısa şirkətlə müqavilə bağlanmayıb. Yəqin ki müqavilə bağlansa, yaxınlarda bu haqda məlumat yayılacaq. Ola bilər ki, bir sponsorumuz olsun. Ola da bilsin ki, bir neçə sponsorluqda maraqlı olan şirkətlə müqavilə bağlayaq”.

Mətbuatda Şəhriyar Məmmədyarovun menecerinin sponsorluqda maraqlı olan şirkətlərdən ilinə 500 min manat istədiyi yazılmışdı. Bu məsələni də dəqiqləşdirmək qərarına gəldik:

“Mətbuatda yayılan 500 min tələbimiz köhnə yarış üçün keçərlidir. Bu, İddiaçılar Turnirindən əvvəl biz tərəfindən hazırlanan paket idi. Sadəcə olaraq, sponsorluq müqaviləsi ilə maraqlanan şəxslərdən biri prezentasiya istəmişdi. Biz də İddiaçılar Turniri üçün istənilən məbləğin göstərildiyi hazır paketi ona təqdim etmişdik. Həmin insan da bizim razılığımız olmadan onu götürüb yaydı. Bizim istədiyimiz məbləğ təbii ki bu deyil, daha yuxarıdır. Ancaq bunu mətbuat üçün açıqlaya bilmərəm”.

Səbuhi MUSAYEV