Polis küçə ticarətinə görə vətəndaşı şərlədi?

Polis küçə ticarətinə görə vətəndaşı şərlədi?
17:33 11-10-2018 | icon 442

Ağayev Əlihüseyn: "Yay aylarında "hesabı" verə bilmədiyimə görə, 34-cü polis bölməsinin əməkdaşları küçə ticarətini mənə qadağan ediblər"

 

Son zamanlar Bakı şəhərində küçə ticarəti ilə məşğul olan vətəndaşların ciddi problemləri yaranıb. Polis bölmələrindən verilən məlumata görə, bu, məhz Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini Eldar Əzizovun tapşırığı ilə bağlıdır.

Yeni mer müavini tapşırıq verib ki, küçə ticarəti paytaxtın gözəlliyinə xələl gətirdiyinə görə aradan qaldırılmalıdır. Bu tapşırığa əsasən paytaxtda onminlərlə vətəndaş işsiz qalmaq zorundadır. Belə vətəndaşlardan biri, Lənkəran rayonunun İstisu qəsəbə sakini Ağayev Əlihüseyn Sultanhüseyn oğlu Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubova ünvanladığı müraciəti Millətin səsi.info saytına da göndərib.

Müraciətdə deyilir:"cənab nazir, mənim Lənkaran rayonunun İstisu qəsəbəsindəki evimi zəlzələ dağıdıb, evi nə özüm bərpa edə bildim, nə də hökumətdən mənə dəstək vermədilər. Ona görə də doğma kəndimi tərk edib, hamı kimi, Bakı şəhərinə üz tutdum. Fiziki iş görməyə sağlamlığım imkan vermir, qanuni yolla maqaza icarəyə götürüb, işlətməyə isə vəsaitim yoxdur. Bu səbəbdən də topdansatış mərkəzlərindən mal götürüb əhalinin sıx olduğu ərazilərdə satıb, özümü dolandırırdım. Uzun müddətdir ki, 34-cü bölmənin əməkdaşları mənim bu fəaliyyətimə mane olmaq istəyirdilər.


Buna səbəb isə yay mövsümündə alver zəif olduğu üçün onların aylıq "hesabını" verə bilməməyim idi. Diqqətinizə çatdırım ki, hər ay 34-cü bölmənin rəisinin Vilayət adlı sürücüsü məndən 100 manat alıb aparır, deyir ki, o, bu pulu rəis müavini Elşən müəllimə çatdırır. Elşən müəllim də öz növbəsində məni rəisə tapşırır. İyul-avqust aylarında hesabı verə bilmədiyim üçün mənə "Əhmədli" metrostansiyasının ətrafında xırda ticarətlə məbğul olmağı qadağan etdilər. Mən deyəndə ki, bu qədər küçə ticarəti ilə məşğul olan var, niyə təkcə mənə mane olursunuz, qolumu burub basdılar maşına, polisə tabe olmamaq maddəsi ilə 10 sutka həbsə atdılar. Mən həm astma, həm şəkər xəstəsiyəm, həm də acıq əməliyyat keçirmişəm. Ali təhsilli rus dili müəllimiyəm, rus dilinə tələbat azalanda işdən çıxdım və küçə ticarəti ilə dolanırdım".