>

ATƏT-in Minsk fəaliyyətinə xitam verildi  

 01-09-2025

Sentyabrın 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edib.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.  

Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.

Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib.

Sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır.

Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcəkdir.

Qeyd edək ki, bu barədə ATƏT-in saytında məlumat dərc olunub.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen və təşkilatın baş katibi Feridun H. Sinirlioğlu Ermənistan və Azərbaycan tərəfindən verilmiş Birgə Müraciət əsasında Minsk prosesi və onunla bağlı strukturların bağlanmasına dair Nazirlər Şurasının qərarını alqışlayıblar.

Valtonen Ermənistan və Azərbaycanı sülh və münasibətlərin normallaşması istiqamətində əldə etdikləri tarixi razılaşmalara və onların operativ icrasına başlamaq barədə qətiyyətlərinə görə bir daha səmimi-qəlbdən təbrik edib:

“Birgə Müraciətə dərhal cavab verdim və bu prosesdə tərəflərin səmərəli əməkdaşlığına görə minnətdarlığımı bildirirəm. Həmçinin, bu konsensusun əldə edilməsində iştirakçı dövlətlərin birgə ruhunu da yüksək qiymətləndirirəm”.

ATƏT baş katibi Feridun Sinirlioğlu isə qeyd edib ki, bu, onilliklər boyu davam edən münaqişə və etimadsızlıqdan sonra diplomatiyanın nəyə nail ola biləcəyini göstərən tarixi inkişafdır: 

“Bu, tərəflərin ortaq məxrəcə gəlmək istiqamətində iradə nümayiş etdirdikdə razılaşmanın mümkün olduğunu sübut edir”.

ATƏT rəhbərliyi Ermənistan, Azərbaycan və bütövlükdə regionda davamlı sülh və sabitliyi təşviq edən səyləri dəstəkləməyə sadiq olduqlarını bir daha bəyan ediblər.

Qeyd edək ki, qərarın qəbulundan sonra təşkilat Minsk prosesi və ona bağlı strukturların bağlanması istiqamətində addımlar atacaq. Yalnız aktivlərin və avadanlıqların təhvil verilməsi kimi inzibati funksiyalar davam etdiriləcək və proses 2025-ci il dekabrın 1-dən gec olmayaraq tam başa çatdırılacaq.

 

Bənzər yazılar

0.070927143096924