Naxçıvan Dövlət Universitetinin (NDU) bir qrup tələbəsinin dekan müavindən narazı olması ilə bağlı iddialar yayılıb.
MillətinSəsi.İnfo xəbər verir ki, universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin birinci kurs tələbələrinin dekan müavini Abbas Əhmədovun onlara qarşı fiziki zorakılıq və təhqirlər etdiyi, hətta bir tələbəni pilləkəndən itələyərək ağır xəsarət almasına səbəb olduğu haqqında iddiaları sosial şəbəkədə müzakirə mövzusu olub.
İddiaya görə, mayın 8-də müəllimə Aysel Quliyevanın təşəbbüsü ilə tələbələrin bir araya gələrək ünsiyyət qurması üçün ayrılmış məkanda təşkil olunan görüş zamanı Abbas Əhmədov zorakılıq edərək, dövlətə məxsus əşyaları sındırıb, tələbə və müəllimlərə qarşı təhqir və psixoloji təzyiq göstərib, hətta əraziyə polis çağırılıb. Hadisədən üç ay keçməsinə baxmayaraq, dekan müavinin hərəkətləri ilə bağlı heç bir addım atılmayıb.
Bundan əlavə, paylaşımda qeyd olunub ki, tələbələrin ən çox etiraz etdikləri məqam müəllimə Aysel Quliyevanın polis çağırdığı üçün işdən azad olunmasıdır. Onlar müəllimənin işə bərpa olunmasını və Abbas Əhmədovun vəzifəsindən azad olunmasını tələb ediblər.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Naxçıvan Dövlət Universitetindən bildirilib ki, sosial şəbəkədə paylaşılan yazı tamamilə əsassızdır.






































