Rusiya Baş Prokurorluğu Dövlət Dumasının keçmiş deputatı, Dağıstanlı siyasətçi Maqomed Hacıyevin ailəsini “ekstremist təşkilat” kimi tanımaq üçün məhkəməyə müraciət edib. İddiada Hacıyev, onun həyat yoldaşı, oğlu və bacısı “Rusiyaya düşmən mövqedə olan xarici dövlətlərə, o cümlədən Ukraynaya və onun silahlı qüvvələrinə dəstək verməkdə” ittiham olunur.
RBC yazır ki, prokurorluq ailənin “xaricdən idarə olunduğunu” və “Rusiya vətəndaşlarının həyat və sağlamlığına, həmçinin dövlətin təhlükəsizliyinə qarşı yönəldiyini” iddia edir.
Rusiya Baş Prokurorluğunun iddia ərizəsində qeyd olunur ki, Rusiya Dövlət Dumasının sabiq deputatı Maqomed Hacıyev (Rusiyada xarici agent kimi tanınıb - red.) məxfi məlumatları 45 milyon dollara Qərbə təhvil verib.
İddia olunur ki, keçmiş deputat Rusiya Federasiyasından kənarda xarici vətəndaşlıq müqabilində Qərb ölkələrinin xüsusi xidmət orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirib.
"Məxfi məlumatların açıqlanmasına görə Maqomed Hacıyev ABŞ hökumət qurumlarından ən azı 45 milyon dollar alıb. Bu, ABŞ Hökumətinin Effektivliyi Departamenti (DOGE) tərəfindən də aşkarlanıb", - prokurorluğun ərizəsində qeyd olunur.
Məhkəmə iddiasında Hacıyevin və ailəsinin bütün əmlakının müsadirəsi nəzərdə tutulur. “Vedomosti”nin məlumatına görə, aktivlərin dəyəri 2 milyard rubl olaraq qiymətləndirilib və onlar yüksək likvidli hesab edilir.
Rusiya Baş Prokurorluğu baş prokuror İqor Krasnovun tapşırığı ilə aparılan yoxlamanın nəticələrinə əsasən, Mahaçqalanın (Dağıstan) Sovet Rayon Məhkəməsinə Dövlət Dumasının sabiq deputatı Maqomed Hacıyevin (Rusiyada xarici agent kimi tanınıb) və daha üç şəxsin ekstremist birlik kimi tanınması və onlara məxsus iki milyard rubldan çox məbləğdə daşınmaz əmlakın müsadirə olunması barədə iddia qaldırıb.
Yoxlama zamanı müəyyən edilib ki, keçmiş deputat Ukraynada hərbi münaqişə başladıqdan sonra xaricə gedib və orada Kiyevi dəstəkləməyə başlayıb, Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı göstərib, Rusiya ordusunu nüfuzdan salıb və Rusiyaya qarşı sanksiyaları əsaslandırıb.
Hacıyevin Rusiya ərazisində yüksəklikvidli əmlakı qalıb: Dağıstanda, Moskvada və Moskva vilayətində ümumi dəyəri iki milyard rubldan çox olan kommersiya daşınmaz əmlakı, elit mənzillər və torpaq sahələri. O, "Usadba v Kadaşax" və "Kvintessens" şirkətlərinin nəzarəti altında olan bu əmlakı qohumlarının və yaxın şəxslərin adına rəsmiləşdirib. Əmlakdan gələn gəlirlər xaricə köçürülüb.
Baş Prokurorluq məhkəmə vasitəsilə keçmiş deputatın əmlakının ekstremist fəaliyyətin maliyyələşdirilməsi mənbəyi kimi Rusiya Federasiyasının gəlirinə çevrilməsini tələb edib.
Bundan əlavə, Baş Prokurorluq Hacıyevin nəzarəti altında olan "Sulaknefud" şirkətinin (şirkətin təsisçisi onun bacısıdır) 15 sentyabr 2033-cü ilə qədər rəsmiləşdirilmiş Dağıstandakı Çiryurt yatağında qum-çınqıl qarışığının çıxarılması üçün lisenziyasının ləğv edilməsini tələb edib. Qurumun məlumatına görə, Hacıyev təşkilatın mənfəətini ABŞ və Fransaya köçürür. Onun bu ölkələrdə də elit daşınmaz əmlakı var.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS-a nəzarət qurumundakı mənbə bildirib.
Cavabdehlər sırasında həmçinin Hacıyevin atası Tacuddin, kürəkəni, eləcə də həyat yoldaşının valideynləri də var.
İddiada qeyd olunur ki, sabiq deputat ABŞ hökumətindən məxfi məlumatların ötürülməsi müqabilində azı 45 milyon dollar alıb. Polşanın “GeoPolityka” nəşri isə martda yazmışdı ki, həmin vəsaitin 36 milyonu ABŞ-ın “Wells Fargo” bankındakı hesabda saxlanılır. İddiaya görə, ABŞ Vergi Xidməti bu hesabın bağlanmasına icazə verməyib, çünki Hacıyev Vaşinqtona dəyərli məlumat təqdim edib.
Maqomed Hacıyev 2004–2021-ci illərdə “Yedinaya Rusiya” partiyasından dörd çağırış Dövlət Dumasının deputatı olub. Daha əvvəl o, Dağıstanın Vergilər Nazirliyində, eləcə də Cənub Federal Dairəsində rəhbər vəzifələrdə çalışıb. Hacıyev uzun müddət milyarder Süleyman Kərimovun biznes tərəfdaşı olub.
2023-cü ildə onun adı Rusiyada “xarici agentlər” siyahısına salınıb. Bundan başqa, sabiq deputat barəsində qətl işi üzrə cinayət işi açılıb. “Proyekt” nəşri ötən il yazırdı ki, Hacıyevin təqib olunmasının əsas səbəbi Kərimovla düşdüyü ciddi münaqişədir. (AzPolitika.info)






































