Bakı şəhərinin Nərimanov rayonunda ağacların kəsildiyi iddia olunub.
Bu barədə MillətinSəsi.İnfo-a ünvanlanan şikayətdə sakin qeyd edib.
O bildirib ki, Uluqbəy küçəsi, 127 ünvanında artıq bir neçə gündür ağaclar kəsilir: "Bu ağaclar neçə ildir burada idi. Ağacları kəsmək əvəzinə onu çıxarıb başqa ərazilərə köçürmək olardı".
Mövcud olan onlarla ağac "budanma" adı ilə tamamilə məhv edilib, ətrafdakı bir çox ağacların isə qol-budağı kəsilərək lüt hala salınıb.
Sakinlər deyir ki, parkın iaşə obyektləri planlaşdırılan yerlərindəki ağaclar gecə saatlarında sakitcə aradan götürülüb.
"Gündüz vaxtları isə gördüyünüz hündür ağacların qol-budağını kəsirlər. Harada obyektlər salınacaqsa, həmin yerlər şumlanıb. Əvvəllər orada ağaclar olub. Bu yaxınlarda həmin ağacları gecə ilə kökündən çıxarıb aparıblar", - deyə sakinlər bildirir.
Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə verməyib.
Eyni zamanda, sözügedən ünvanda ağacların köçürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəy verilib.
Sənəddə qeyd olunur ki, həmin ünvanda yol çəkilməsi ilə əlaqədar olaraq ağaclar götürülür və başqa əraziyə köçürülür. Yol çəkilməsi ilə bağlı işlər yekunlaşdıqdan sonra ərazidə yeni ağaclar əkiləcək.






































