Avqustun 16-sı Azərbaycan yazıçısı, dramaturq, şair Şıxəli Qurbanovun doğum günüdür.
Oxu.Az xatırladır ki, Şıxəli Qurban oğlu Qurbanov 1925-ci ildə Bakıda qulluqçu ailəsində dünyaya göz açıb.
Orta məktəbi bitirdikdən sonra cəbhəyə yollanan Şıxəli Qurbanov II Dünya müharibəsində Leninqraddan Almaniyayadək döyüş yolu keçib.
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif olunub.
1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu başa vurduqdan sonra həmin ali məktəbin aspirantı olub, eyni zamanda, rus ədəbiyyatı müəllimi işləyib. 1956-cı ildə "Puşkin və Azərbaycan poeziyası" mövzusunda dissertasiya müdafiə edib, "filologiya elmləri namizədi" alimlik dərəcəsi alıb, institutda baş müəllim, dosent vəzifələrində çalışıb.

Şıxəli Qurbanovun bir neçə kitabı işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1958-61-ci illərdə "Rəis məşğuldur", "Əcəb işə düşdük", "Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Sənsiz" pyeslərini, "Bahadır və Sona" librettosunu qələmə alıb. 1966-cı ildə yazdığı "Milyonçunun dilənçi oğlu" komediyası uzun müddət teatr səhnələrində oynanılıb. Bundan əlavə, lirik şeirlər, poema, hekayə və tənqidi məqalələrlə mətbuatda müntəzəm çap olunub.
O, 1967-ci ildə uzunmüddətli fasilədən sonra ilk dəfə Azərbaycanda dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə nail olub. 1967-ci ildə Novruzun qeyd edilməsi baş tutsa da, növbəti ildə - 1968-ci ildə buna imkan verilməyib.
Xalq arasında hörmət qazanan Şıxəli Qurbanov Azərbaycanın milli əqidəsi uğrunda ömrünün sonuna qədər mübarizə apardığı üçün dörd dəfə sui-qəsdlə üzləşib.
O, 1967-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Bundan savayı, "Lenin" ordeni, "İgidliyə görə" medalı, "Köniqsberqin alınmasına görə" medalı ilə təltif edilib.
1967-ci il may ayının 23-də Şıxəli Qurbanov "Sənsiz" pyesinin ictimai baxışına gəlib.

Amma o, diş həkiminə getmək üçün ictimai baxışı tez tərk edib və aktyorlara deyib: "Gedirəm, əgər gəlməsəm, "Sənsiz"ə baxarsınız mənsiz".
Bundan sonra stomatoloq dostu Əliağa Əhmədovun yanına gedib. Həkimin vurduğu iynədən sonra Şıxəli Qurbanov 42 yaşında elə yerindəcə dünyasını dəyişib.
O zamanlar ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edib. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova deyib ki, o zaman vəzifəyə gəlmək istəyənlər bunu dövlət səviyyəsində təşkil ediblər və ona sianid turşusu vurublar.
Şıxəli Qurbanov Fəxri xiyabanda dəfn olunub. Musiqili Komediya Teatrına, Bakı küçələrindən birinə isə onun adı verilib.







































