>

8 avqust Zəfəri

 14-08-2025

8 avqust Azərbaycanın  adına  Vaşinqtonda daha bir tarix yazıldı. Üçtərəfli görüş Cənubi Qafqazda üzün müddətli münaqişənin həllinə doğru atılan ən əhəmiyyətli addımlardan biri kimi tarixə düşdü. Görüşün əsas nəticəsi sülh sazişinin paraflanması, regionda yeni əməkdaşlıq perspektivlərinin açılması oldu.  

Bu hadisə həm də Azərbaycanın diplomatik zəfəri kimi qiymətləndirilir. Sona qədər də xalq, dövlət , millət olaraq iradəmizi ortaya qoyduq və nəticə etibarilə 2020-ci ildə 44 günlük ikinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə ilə özümüz yeni reallıqlar yaratdıq.

Başqa cür desək, Azərbaycan Zəfərinin 5 illiyinə Diplomatik Zəfəri ilə adımmlayır. Maraqlıdır ki, hər iki təqvim 8 rəqəmi ilə tarixə düşdü.  8 Avqust razılaşması 8 Noyabr zəfərinin 5-ci ildönümündə Prezidentin Azərbaycan xalqına tarixi hədiyyəsidir.

Azərbaycan 8 Avqust zəfəri ilə sübut etdi ki, o, hərbi müstəvidə əldə etdiyi qələbəni siyasi müstəvidə uğurla davam etdirmək və müvəffəqiyyətlə başa vurmaq qüdrətinə malikdir. Bu zəfər sübut etdi ki, ölkəmizin hərbi-iqtisadi potensialı kimi siyasi poensialı da olduqca böyükdür və rəsmi Bakı başlatdığı istənilən siyasi prosesi öz məntiqi sonluğuna çatdırmağı bacarır.

Bütün bunlar Azərbaycanın gücü, ordumuzun qəhrəmanlığı, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Ali Baş Komandan Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün oldu. Bu qələbə həm də Prezident İlham Əliyevin  diplomatik liderlik qabiliyyətinin nə qədər böyük və zəngin olduğunu, bütün dünyada sonsuz heyranlıq və ehtiramla qarşılandığını bir daha təsdiq etdi.

8 Avqust razılaşması Azərbaycanın diplomatik uğuru olmaqla yanaşı, həm də bütün regionda sülhün və təhlükəsizliyin təmini baxımından mühm əhəmiyyətə malikdir. Bu razılaşma bölgədə yeni gərginlik ehtimalını ortadan qaldırmaqla yanaşı, Cənubi Qafqaz regionunda gərginlik yaratmaq və bu gərginlik fonunda öz məkirli məqsədlərini həyata keçirməyə çalışan bütün qlobal güclər üçün də sarsıdıcı zərbə oldu.

Azərbaycan Prezidentinin daha bir uğuru Zəngəzur dəhlizinin xəyaldan reallığa çevrilməsi oldu. İlham Əliyev həmişə vurğulayırdı ki, Şərqi Zəngəzurla Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyalar açıq olmalıdır və olacaq. Biz Azərbaycan Prezidenti İlham Əliyevin strategiyasının möhtəşəm və açıq olduğunu bildiririk. 

 

Sahilə Rafiq qızı İbrahimova

ADPU-nun Filologiya fakültəsi, Müasir Azərbaycan dili 
kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru

Bənzər yazılar

0.085061073303223