Bakıda Pakistanın Müstəqillik Günü qeyd olunub.
MillətinSəsi.İnfo xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Pakistan icmasının üzvləri və Azərbaycan vətəndaşları iştirak ediblər.
Tədbir Pakistan dövlət bayrağının qaldırılması ilə başlayıb. Daha sonra tədbir iştirakçılarına Pakistan Prezidenti Asif Əli Zərdarinin və Pakistanın Baş naziri Şahbaz Şərifin bu günün Pakistan xalqı üçün əhəmiyyətini vurğulayan mesajları oxunub. Pakistanın sülhü, firavanlığı və inkişafı üçün də dualar edilib.
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin isə çıxışında xalqına sülh və firavanlıq arzulayıb, onlar üçün təhlükəsizliyin önəminə diqqət çəkib. Həmçinin, Pakistan və Azərbaycan xalqlarının tarixə söykənən dostluqlarının vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qasım Mohiuddin bildirib ki, Pakistan hər zaman Azərbaycan dövləti və xalqının dəstəyini yüksək dəyərləndirib: "Bu ilin mayında Pakistan Silahlı Qüvvələri Hindistanın hücumuna layiqli cavab verib".
Diplomat xatırladıb ki, Hindistanın təxribatına qarşı sərt cavabdan sonra hər kəs Pakistanın gücünə şahid oldu:
"Bu qələbə Azərbaycan, Pakistan və Türkiyə liderləri tərəfindən Laçında da qeyd olundu. Prezident İlham Əliyevin uzaqgörən siyasəti Qarabağın azad edilməsini təmin etdi. Ümid edirik ki, bir gün Pakistan da Hindistanın işğalı altında olan torpaqlarını azad edəcək".






































