Qusarda ana ölümü qeydə alınıb.
Xuray kənd sakini Yasəmən Ospatova ikinci övladını dünyaya gətirmək üçün Qusar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. O, doğuşdan sonra həyatını itirib.
Yaxınlarının bildirdiyinə görə, qeysəriyyə əməliyyatından sonra komaya düşən Yasəmən Ospatova ötən gün xəstəxanada vəfat edib.
Y.Ospatovanın dünyaya gətirdiyi qız uşağının vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur. Bu, onun ikinci hamiləliyi olub.
Mərhumun həyat yoldaşı Zakir Ospatov hadisənin həkim səhlənkarlığı səbəbindən baş verdiyini söyləyib.
"Əməliyyat uzun çəkdi. Səbəbini soruşanda əməliyyatın ağır keçdiyini dedilər. Sonra həyat yoldaşımı reanimasiyaya yerləşdirdilər. Səhər mənə zəng gəldi, təcili xəstəxanaya çağırdılar və yoldaşımın vəfat etdiyini dedilər. Günahı həkimdə görürəm. Birinci övladımız dünyaya gələndə də yoldaşımın başına belə hadisə gətirmişdi", - deyə o əlavə edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, avqustun 11-də 38-39 həftəlik hamilə qadın Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə müraciət edib. 1994-cü il təvəllüdlü şəxsə zəruri laborator və instrumental xidmətlər göstərilib və qeysəriyyə kəsiyi əməliyyatına zərurət yarandığı bildirilib.
Bildirilib ki, əməliyyatdan sonra pasiyentdə ağciyər arteriyasının tromboemboliyası, ağciyər, qaraciyər, böyrək və ürək çatışmazlığı, eyni zamanda tromboz (qan laxtalanması) müşahidə olunduğundan müalicəsi Reanimasiya şöbəsində davam etdirilib:
"Avqustun 12-də saat 08:30-da vəziyyəti pisləşən pasiyentdə ürək döyüntüləri müşahidə edilməyib. Dərhal zəruri tibbi xidmətlər göstərilib və pasiyentin ürək fəaliyyəti bərpa edilib. Daha sonra ixtisaslı həkim-mütəxəssis baxışı həyata keçirilib və sağlamlıq vəziyyəti yenidən qiymətləndirilib.
Pasiyentin vəziyyəti gecə saatlarında təkrar pisləşib və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, eyni gün gecə saat 23:40-da şəxsin ölüm faktı qeydə alınıb".
Məlumatda əlavə olunub ki, meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib:
"Qeyd edək ki, qadının qeysəriyyə kəsiyi əməliyyatı ilə boyu 49 santimetr, çəkisi 3 kiloqram 100 qram olan qız övladı dünyaya gəlib. Körpəyə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan körpənin müalicəsi Doğum şöbəsində davam etdirilir".
Ətraflı Baku TV-nin süjetində:






































