>

Tovuz döyüşləri: Tarixi zəfərə aparan yol

 12-07-2025

Azərbaycanın 2020-ci il 12 iyul tarixində Tovuz rayonunda baş verən döyüşləri bir sərhəd hadisəsindən daha artıq məna daşıyırdı. Bu, həm də regionun təhlükəsizlik arxitekturasına, siyasi balanslara və millətin ruhuna təsir edən mühüm dönüş nöqtəsi idi.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin qəfil hücumu ilə başlayan hərbi qarşıdurma, qısa müddətdə lokal xarakterdən çıxaraq beynəlxalq diqqəti cəlb edən hadisəyə çevrildi. Bu bölgə yalnız hərbi deyil, həm də strateji və iqtisadi baxımdan xüsusi əhəmiyyətə malik idi. Tovuz rayonu ölkənin əsas nəqliyyat-kommunikasiya xətlərinin keçdiyi ərazidir. Bu səbəbdən də Ermənistanın təxribatı təkcə hərbi deyil, həm də siyasi və iqtisadi hədəf daşıyırdı.

Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi sürətli və adekvat cavab Ermənistan tərəfinin planlarını puç etdi. Döyüşlər zamanı Azərbaycan bir daha nümayiş etdirdi ki, onun sərhədlərinə, suverenliyinə və milli təhlükəsizliyinə edilən istənilən müdaxilə layiqli cavabını alacaq.

Tovuz döyüşləri zamanı şəhid olan general-mayor Polad Həşimovun adı isə Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Onun şəhadəti təkcə bir generalın itkisi deyil, millətin oyanışını və milli birliyin rəmzinə çevrildi. Bakı başda olmaqla ölkənin bütün şəhərlərində keçirilən kütləvi yürüşlər, şəhidlərə olan sevgi və orduya dəstək mitinqləri xalqın ruh yüksəkliyinin bariz göstəricisi idi.

Bu döyüşlər həm də beynəlxalq ictimaiyyətə bir mesaj idi: Azərbaycan güclü, mütəşəkkil və prinsipial dövlətdir. Heç bir təxribat, təzyiq və ya zor gücü ilə onun iradəsi qırıla bilməz.

Tovuz döyüşlərindən sonra orduya dəstək kampaniyalarının miqyası genişləndi, hərbi xidmətə könüllü yazılanların sayı artdı, Azərbaycan gəncliyində vətənpərvərlik hissi daha da alovlandı. Bu, sadəcə bir hərbi qələbə deyil, ruhun, birliyin və iradənin təntənəsi idi.

12 iyul Azərbaycan üçün təkcə hücum günü deyil, həm də milli dirçəliş günüdür. O gündən sonra Vətən Müharibəsinin zəfər səlnaməsi yazılmağa başladı. Tovuz döyüşləri bu yolun ilk, lakin əvəzolunmaz addımı oldu.

 

Günel Hümmətova (Pəniyeva) Saleh

ADPU- nun Ədəbiyyatın tədrisi texnologiyası
kafedrasının
baş müəllimi, f.ü.f.dok

Bənzər yazılar

0.069615125656128