2020-ci ilin 12 iyul günü Azərbaycan tarixində qəhrəmanlıq və əzmkarlıqla yadda qaldı. Tovuz döyüşləri, təkcə bir sərhəd qarşıdurması deyil, həm də milli birliyin və ordu gücünün simvoluna çevrildi.
2020-ci ilin isti iyul günündə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərinə hücumu ilə başlayan döyüşlər, 16 iyula qədər davam etdi. Ermənistanın məqsədi regionda gərginlik yaratmaq, strateji əhəmiyyətə malik nəqliyyat və enerji xətlərini hədəfə almaq idi. Lakin Azərbaycan Ordusunun çevik və peşəkar müdaxiləsi nəticəsində bu plan iflasa uğradı.
Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun bir neçə yüksək rütbəli hərbi qulluqçusu – o cümlədən general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər qəhrəmanlar şəhid oldu. Bu itkilər millət olaraq bizi sarsıtsa da, eyni zamanda xalqı bir amal ətrafında daha da birləşdirdi.
Həmin günlərdə ölkə daxilində və xaricində yaşayan milyonlarla azərbaycanlı sosial mediada, küçələrdə, meydanlarda ordumuza dəstək nümayiş etdirdi. Tovuz döyüşləri cəmiyyətin orduya olan inamını bir daha təsdiqlədi, dövlət və xalq arasında olan birliyi gücləndirdi.
Tovuz döyüşləri həm də siyasi və diplomatik müstəvidə Azərbaycanın güclü mövqeyini göstərdi. Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatını açıq şəkildə pislədi və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.
Bu döyüşlərdən cəmi üç ay sonra – 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi artıq qələbəyə aparan yolun başlanğıcı oldu. Tovuz döyüşlərində göstərilən müqavimət və qətiyyət, əslində, bu zəfərin xəbərçisi idi.
12 iyul – şəhidlərimizin qanı ilə yazılmış bir qəhrəmanlıq dastanıdır. Bu tarix xalqımızın yaddaşında daim yaşayacaq, gələcək nəsillərə qürurla ötürüləcəkdir.
Sahilə Rafiq qızı İbrahimova
ADPU-nun Filologiya fakültəsi, Müasir Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru






































