Bakı öz geosiyasi mövqeyini nəzərə alaraq gələcəkdə Moskvanın qəzəbinə səbəb ola, hətta Ukraynadakı kimi yeni böhran ehtimalı yarada bilər.
Yenisabah.az mehr-ə istinadla xəbər verir ki, bunu türkiyəli ekspert Deniz Ülke Kaynak bildirib.
Üsküdar Universiteti rəhbərinin müşaviri, Oksford Universiteti Araşdırma Mərkəzinin üzvü vurğulayıb ki, Azərbaycanın Qərb müttəfiqlik istəyi Moskvanı qəzəbləndirib.
"İki ölkə arasında gərginlik 2024-cü ilin dekabrında Azərbaycan təyyarəsinin Rusiya raketi ilə vurulması və Rusiya ilə Azərbaycan arasında münasibətlərin hədsiz dərəcədə gərginləşməsi ilə aydın görünürdü. Amma Azərbaycan vətəndaşlarının və bu şəxslərdən ikisinin Yekaterinburqda şübhəli şəkildə öldürülməsi faktiki olaraq bu gərginliyi daha da artırıb.
Azərbaycan uzun müddətdir ki, Moskvanın kölgəsindən çıxmaq və Qərb sisteminə yaxınlaşmaq üçün yeni təhlükəsizlik yolları və ittifaqlar yaratmağa çalışır. Dövlətlərin beynəlxalq aləmdə əhəmiyyəti və fəaliyyəti artdıqca çağırışlar da artır. İndi klassik çoxtərəflilik anlayışı əvəzinə “minitərəflilik”dən danışırıq. Başqa sözlə, dövlətlər böyük və sabit bloklara əsaslanan ittifaqlar əvəzinə konkret məsələlərə yönəlmiş, əhatə dairəsi məhdud və eyni zamanda praktiki olan kiçik ittifaqlar yaratmağa can atırlar.
Görünür, Bakı da fürsət axtarır və Hindistan, İsrail, Körfəz ölkələri və ABŞ arasında formalaşmaqda olan yeni yolda möhkəmlənmək niyyətindədir. Bu, rəsmi müqavilə olmasa da, əməli müttəfiqliyə yol açır.
Napoleon Bonapartın bir kəlamı var: “İttifaqlar səhər şehinə bənzəyir, Günəşin ilk şüaları ilə onlar yox olurlar”. O, tamamilə haqlı idi. Dövlətlər arasında istər müvəqqəti, istərsə də təşkilatlanmış ittifaqlar maraqlar əsasında qurulur və bu maraqların üst-üstə düşmədiyi an dostluq və qardaşlıq kimi tanınan bir çox siyasi münasibətlər kənara qoyulur".
Deniz Ülke Kaynak əlavə edib: "Sovet İttifaqının keçmiş respublikaları bu gün müxtəlif yollarla gedirlər. Son illərdə bəzi keçmiş sovet dövlətləri Qərb sisteminə inteqrasiya edərək NATO-ya üzv olublar. Bu dövlətlərdən bəziləri Gürcüstan və Ukrayna kimi Rusiya ilə müttəfiqlikdən yayındıqlarına görə ağır bədəl ödəyirlər. Hazırda Azərbaycanla Rusiya arasında artan gərginliyin şahidi oluruq və belə görünür ki, vəziyyət gərginləşə bilər.
Aydındır ki, Rusiya öz sərhədlərində alternativ yola qoşulan və Qərb dövlətləri ilə müttəfiqliyə doğru irəliləyən ölkəyə dözməyəcək. Rusiyanın davranışı göstərir ki, o, hazırda Gürcüstan və Ukrayna kimi Azərbaycanla düşmənçilik etməyə meylli deyil və işləmək istəmir. Amma Bakı öz geosiyasi mövqeyini nəzərə alaraq gələcəkdə Moskvanın qəzəbinə səbəb ola, hətta Ukraynadakı kimi yeni böhran ehtimalı yarada bilər".






































