Cərrahiyyə əməliyyatı zamanı həkimin canlı yayım açması ilə bağlı ARAŞDIRMALARA BAŞLANILACAQ

 08-07-2025

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı "TikTok" platformasında canlı yayım açması ilə bağlı araşdırmalara başlanılacaq.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyində xüsusi yaradılan işçi qrup mövcud qanunvericiliyə uyğun şəkildə məsələni araşdıracaq:

"Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Xatırladaq ki, son zamanlar həkimlərin mediada və sosial şəbəkələrdə müxtəlif tibbi prosedurlar zamanı canlı yayım açması faktları ilə bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılır, nəticə olaraq xəbərdarlıq və cərimələr tətbiq edilir. Həmçinin AEM tərəfindən hər bir fakt üzrə həkimlər və klinikaların rəhbərliyi səhiyyə nazirinin 29 dekabr 2011-ci il tarixli "Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında" əmri barədə məlumatlandırılır.

Qeyd olunan davranış, yəni əməliyyat zamanı həkimin sosial şəbəkələrdə canlı yayım etməsi həm "Həkimlərin etik davranış qaydaları"na, həm də reklam və şəxsi maraqların təbliği ilə bağlı qanunvericiliyə ziddir.

Əməliyyat zamanı sosial şəbəkə vasitəsilə qeyri-rəsmi çəkiliş və yayım halları bu prinsiplərin pozulması sayılır və müvafiq inzibati məsuliyyət yaradır.

Bənzər yazılar

0.078607082366943