Məleykə Abbaszadə: "Elektron imtahanlarla bağlı problemlər bütün dünyada mövcuddur"

 04-07-2025

"Nəzərdə tuturuq ki, kontingenti 10 mindən çox olmayan imtahanları gələn ildən etibarən tam şəkildə elektron formada keçirək. Kontingenti 20 minə çatan imtahanlar isə hələlik kağız daşıyıcılar üzərindən təşkil olunacaq".

MillətinSəsi.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.

M.Abbaszadə əlavə edib ki, qarşıdakı beş il ərzində bütün imtahanların elektron formata keçirilməsi nəzərdə tutulur:

"Bu, bir tərəfdən, müsbət haldır, digər tərəfdən isə bəzi çətinliklər yarada bilər. Elektron imtahanlarla bağlı problemlər təkcə bizdə deyil, bütün dünyada mövcuddur. Hazırda bir sıra beynəlxalq imtahanlar onlayn keçirilir və biz bilirik ki, həmin imtahanlarda dələduzluq hallarına rast gəlinir. Bu imtahanlar nəticəsində əldə olunan sertifikatlara tam etibar etmək olmur.

Belə halları ötən il də, bu il də aşkarlamışıq. İstəmirik ki, bizim imtahan sistemində də bu cür hallar yaşansın. Buna görə də mərhələli və ehtiyatlı şəkildə addımlar atırıq. "Yüksəliş" müsabiqəsi Dövlət İmtahan Mərkəzi (DİM) və şəxsən mənim üçün çox doğma layihədir".

O bildirib ki, burada istifadə olunan suallar və qiymətləndirmə alətləri DİM-in ekspert və mütəxəssisləri tərəfindən hazırlanır:

"Beş il ərzində bu layihənin uğurlu bir platformaya çevrilməsinin şahidiyəm. İldən-ilə istifadə olunan alətlər müasirləşir, iştirakçıların bilik və bacarıqlarının daha dəqiq qiymətləndirilməsi üçün yeni yanaşmalardan istifadə olunur. Bu il də belə oldu".

M.Abbaszadə qeyd edib ki, biliklərin qiymətləndirilməsi elmin bir hissəsidir və bu, olduqca mürəkkəb bir sahədir:

"Bu sahənin əsası vaxtilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradılan zaman qoyulmamışdı. TQDK o zaman təhsil sahəsində ən böyük korrupsiyaya məruz qalan bir sahəni təmizləmək məqsədilə yaradıldı. 1992-ci ildə siyasi qərarla mərkəzləşdirilmiş, müasir test üsulunun tətbiqinə başlanıldı. Həmin il ilk mərkəzləşdirilmiş imtahanları Türkiyədən gələn mütəxəssislər keçirmişdi və nəticələr Azərbaycanda yarım ildən sonra elan olunmuşdu".

O əlavə edib ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu sistemin saxlanılması və elmi əsaslarla inkişaf etdirilməsi prioritet kimi qarşıya qoyulub:

"Bu, olduqca çətin məsələ idi. Lakin biz yerli mütəxəssislərlə - psixoloqlar, proqramçılarla birlikdə çalışaraq sistemin məqsədini müəyyənləşdirməzdən əvvəl, ona daxil olacaq informasiyanın işlənməsi və elan olunması üçün alqoritmlərin yazılmasına başladıq. Bu, çətin və çoxşaxəli proses idi. İmtahanın məzmunu, təşkili və digər mərhələlər mürəkkəb mexanizmlərlə tənzimlənirdi".

DİM rəhbəri vurğulayıb ki, əsas prinsiplərdən biri şəffaflıq olub:

"Məlumatlar kiminsə şəxsi fikrinə əsasən dəyişdirilə bilməzdi. Bütün dəyişikliklər yalnız əvvəlcədən hazırlanmış alqoritmlər əsasında həyata keçirilməli idi. Bu, çox vacib idi. Bizim hər bir işçinin bir köməkçisi var, bu süni intellektdir" .

O bildirib ki, süni intellektə düzgün sual vermək, ondan düzgün cavab almaq bilik və bacarıq tələb edir:

"Bu bacarıq təsadüfən formalaşmır. Vaxtilə deyirdilər ki, kapitalizm varlıları daha da varlı, kasıbları isə daha da kasıb edir. Süni intellekt də bu prinsipə bənzəyir: Ağıllı insanları daha da ağıllı, qeyri-bilgililəri isə öz qulluqçusuna çevirir".

M.Abbaszadənin sözlərinə görə, süni intellekt hər dərdin dərmanı deyil, ondan düzgün istifadə qaydasını bilmək vacibdir:

"Biz sualların yoxlanmasında süni intellektdən istifadə edirik. Amma bizim bazaya daxil olan sualları süni intellekt yazmır. Bu texnologiyadan artıq uzun müddətdir və daha geniş formada istifadə edirik. Əsasən nəticələrin və sualların yoxlanması mərhələsində tətbiq edirik. Valideynlər uşaqlarının ixtisas seçimində onların maraqlarını nəzərə almalıdırlar".

O bildirib ki, bəzən valideynlər özlərinin reallaşdıra bilmədikləri arzularını övladları üzərindən həyata keçirməyə çalışırlar:

"Uşaqlara çox təsir göstərirlər. Uşaq valideynin ixtiyarındadır deyə biz bu məsələyə birbaşa müdaxilə edə bilmirik. Ancaq maarifləndirmə işi aparırıq. Valideynlər uşaqlarını daha erkən - IX-X sinifdən etibarən dinləməli, onların maraqlarını öyrənməli və ixtisas seçiminə bu baxımdan yanaşmalıdırlar. Təəssüf ki, bəzi valideynlər uşaqları hərbi xidmətə getməsin və ya başqa şəhərə köçməsin deyə onların balı hara çatırsa, ora yönləndirirlər. Bu yanaşma düzgün deyil. 14-15 yaşlı yeniyetmə ilə söhbət edilməli, psixoloqun köməyi ilə maraq və qabiliyyətləri müəyyənləşdirilməlidir".

M.Abbaszadə qeyd edib ki, insanın psixoloji xüsusiyyətləri onun peşə seçiminə birbaşa təsir edir:

"Hər kəsin fizioloji quruluşu fərqli olduğu kimi, psixoloji quruluşu da fərqlidir. Kimsə rəqəmlərlə və sənədlərlə işləməyi xoşlayır, digəri isə insanlarla ünsiyyəti üstün tutur. İnsanlarla işləməyi sevən birini arxiv işinə yönləndirsəniz, onun psixoloji durumu pisləşə bilər. Bu xüsusiyyətlər həm psixoloji, həm də daxili ailə mühitində formalaşan cəhətlərdir. Bunu müəyyən alətlərlə ölçmək və sahə seçimini buna uyğun etmək lazımdır".

O, həmçinin bildirib ki, bəzi hallarda ailələr qız övladlarının yüksək nəticələrinə baxmayaraq, onların istəklərini deyil, öz düşüncələrini əsas götürürlər:

"Məsələn, qız uşağı çox yaxşı nəticə göstərir, lakin ailəsi deyir ki, 650-dən çox bal toplamısansa, mütləq hüquqşünas olmalısan. Bu kimi hallara qarşı ictimai qınaq olmalıdır. Biz əlimizdən gələn qədər maarifləndirmə işləri aparırıq".

Bənzər yazılar

0.063391923904419