İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
MillətinSəsi.İnfo xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Bundan başqa, İran Prezidenti Məsud Pezeşkian Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinə ev sahibliyi etdiyinizə görə, İlham Əliyev, sizə və Azərbaycan xalqına təşəkkür edirəm.
İran lideri çıxışında cari ilin iyunun 13-də İsrail və İran arasında baş verən hərbi gərginliyə münasibət bildirib. Onun sözlərinə görə, iyunun 13-də İsrail İrana qarşı hücumlara başlayıb.
İran Prezidenti Məsud Pezeşkian qeyd edib ki, İran bu hücumlara cavab verib, bölgədə müharibənin baş verməsinin qarşısını alıb: “Bir çox qlobal təşkilatlar tərəfindən İslam Əməkdaşlıq Təşkilatının XİN rəhbərlərinin son iclasında İrana qarşı hücumlara sərt mövqe nümayiş etdirilib”.