Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək.
Milletinsesi.info "Report"a istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.
İdarə rəisi Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasının Konstitusiyaya əsaslandığını xatırladıb:
“Bu hüquqların təmin edilməsi dövlətin ali məqsədidir və Azərbaycan prokurorluğu da buna sadiqdir. Baş prokurorluq bu cinayət işinin araşdırılmasını özünə borc bilir".
O qeyd edib ki, Rusiyada törədilmiş hadisələrlə bağlı indiyədək prokurorluq orqanlarına hər hansı sorğu daxil olmayıb:
"Yekaterinburqda azərbaycanlılara qarşı kütləvi zorakılıq və qətllərlə müşayət olunan əməliyyat-axtarış tədbirlərinə Rusiya tərəfindən səbəb göstərilən 2001, 2010 və 2015-ci illərdə baş vermiş qəsdən adam öldürmə və adam öldürməyə cəhd hadisələri ilə bağlı Azərbaycana daha əvvəl Rusiya tərəfindən hər hansı müraciət daxil olmayıb. Rusiyanın Yekaterinburq şəhərində güc strukturlarının hücumuna məruz qalaraq xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb”.
O, işgəncəyə məruz qalmış Azərbaycan vətəndaşının ekspertizadan keçirildiyini və açılmış cinayət işi üzrə ifadəsinin alındığını əlavə edib.
"Azərbaycan vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycan baş prokuroru tərəfindən cinayət işi başlanıb."
Qeyd edək ki, Rusiya rəsmiləri 27 iyunda törədilmiş zorakılıq əməllərinin daha əvvəlki illərdə törədilmiş hadisələrlə bağlı açılmış cinayət işləri üzrə keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində baş verdiyini bildiriblər.