OMON-un azərbaycanlılara hücumu ilə bağlı Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

 28-06-2025

28 iyun 2025-ci il tarixində Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya tərəfinə 27 iyun 2025-ci il tarixində həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.

Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən azərbaycanlı Səfərov qardaşlarının cənazələrinin Bakıya gətirilməsi məsələsi ilə Azərbaycanın bu ölkədəki səfirliyi və Yekaterinburqdakı Baş konsulluğu məşğuldur: "Əlavə məlumat olduqda ictimaiyyətə təqdim ediləcək", - deyə XİN rəsmisi qeyd edib.

Bundan başqa,Azərbaycan XİN Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlar ilə bağlı bəyanat yayıb.

Bəyanatda Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin gözlənildiyi qeyd olunub.

Bəyanatda bildirilib ki, 27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüblər. Ailənin daha iki üzvü - Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov xəstəxanada həyatlarını itirib.

Bənzər yazılar

0.071355104446411