Çıxarışı olmayan mənzilləri də sığortalamaq mümkündür.
MillətinSəsi.İnfo "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, ekspertlərin sözlərinə görə, əksər mənzil sahiblərinin bundan xəbərləri yoxdur. Yanğın və digər hallarda isə belə daşınmaz əmlak sahibləri çıxılmaz vəziyyətdə qalırlar.
Sığorta mütəxəssisləri bildirirlər ki, daşınmaz əmlakın icbari sığortasına əsasən, çıxarışlı evlərin sahibləri sığorta üçün müraciət edirlər. Ancaq ev hələ çıxarış almamış yeni binada və ya şəxsi torpaq mülkü olan evdirsə, mənzilin həmin şəxsin olduğunu sübut edən müqavilə və ya hər hansısa aidiyyəti olan bir qurumdan alınan sənədlə sığortalamaq mümkündür.
Eskpert, həmçinin onu da bildirib ki, əgər tikili qəzalı vəziyyətdə olarsa, sökülməsi ilə bağlı qərar olarsa, bu əmlakları icbari qaydada sığortalamaq mümkün deyil. Sığorta məbləğləri həm fərdi evlər üçün, həm də yaşayış binasında yerləşən mənzillər üçün eynidir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı dəyişikliklər daşınmaz əmlakın, yəni qeydiyyatsız evlərin sənədləşdirilməsi prosesinin sürətlənməsinə gətirib çıxara bilər.
Onun sözlərinə görə, vətəndaşın təqdim etdiyi məlumatla daşınmaz əmlakı qeydiyyata alan qurumun məlumat arasında uyğunsuzluq olduğu halda, o zaman qurum digər qurumlara, o cümlədən arxiv və digər profil dövlət qurumlarına müraciət edərək məlumatın dəqiqləşdirilməsini həyata keçirməlidir və bu proses 15 iş günü ərzində yekunlaşmalıdır:
“Məhz bu, xüsusən də sənədlərində uyğunsuzluq olan əmlakın daha tez qeydiyyata alınmasına gətirib çıxarır. Çünki bəzən vətəndaş əmlakın və ya torpağın qeydiyyata alınması ilə bağlı sənədlərini təqdim edir. Onun sənədlərində torpağa icazə verilməsi qeyd olunur. Amma qeydiyyata alan qurumun məlumatlarında həmin torpağın kənd təsərrüfatı üçün yararlı olduğu göstərilir. Bu o deməkdir ki, uyğunsuzluq müəyyənləşir.
Bu halda təbii ki, dövlət qurumu uyğunsuzluğun aradan qaldırılması və dəqiqləşdirilməsi üçün sorğu göndərərək 15 iş gün ərzində məlumatın dəqiqləşdirilməsini həyata keçirir. Əgər sorğu nəticəsində məlum olanda ki, vətəndaşın təqdim etdiyi sənəd doğrudur, həmin ərazidə tikintiyə icazə verilir, bu halda təbii ki, torpaq və eləcə də həmin əmlak qeydiyyata alınır”.
Deputat söyləyib ki, bu baxımdan əvvəlki dövrlərdə uyğunsuzluq aşkar olunduğu halda müraciət müsbət cavablandırılmırdı və əmlak əmlakın qeydiyyata alınmasından imtina olunurdu:
“Amma artıq bu yeni qaydalara əsasən imtina deyil, məlumatın dəqiqləşdirilməsi həyata keçiriləcək və bu isə ondan xəbər verir ki, qeydiyyatsız evlərin sənədləşdirilməsi prosesi sürətlənə bilər və bu hallar, xüsusən də sənədsiz evlərin məhz bu tip hallarda daha tez qeydiyyata alınması və əgər uyğunsuzluq aşkar edildikdən sonra məhz dəqiqləşdirilən məlumatda vətəndaşın təqdim etdiyi sənədlər doğrudursa, o halda həmin qeydiyyatsız mənzillərin və ya torpağın daha qısa zamanda qeydiyyata alınmasına imkan yarada bilər”.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: