Növbəti tədris ilinin başa çatmasına çox az müddət qalıb. Artıq orta ümumtəhsil məktəblərində buraxılış imtahanları keçirilir. Hər il olduğu kimi, yenə də övladı zəif nəticə göstərən valideynlər uşaqlarının attestat alıb-almayacaqları ilə bağlı əndişəlidirlər.
Sosial şəbəkələrdə, təhsil qruplarında tez-tez gündəmə gələn məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Bizim.Media-ya bildirib ki, təhsilalanların yekun attestasiya qaydaları 12 dekabr 2016-cı il Nazirlər Kabinetinin 498 nömrəli qərarı ilə təsdiq olunur:
“Həmin qaydalara əsasən, 9 və 11-ci siniflərdə yekun attestasiya qaydaları tədris dili, riyaziyyat və xarici dildən buraxılış imtahanlarında topladığı bal və illik qiymət, digər fənnlərdə isə illik qiymətlə müəyyən olunur.
Bu qiymətlərin də neçə olmasından asılı olmayaraq - 2, 3, 4, 5 almasından, yaxud buraxılış imtahanlrında topladığı balın nə qədər olmasından asılı olmayaraq, həmin şagirrdə attestat verilir. O cümlədən, imtahanlarda zəif nəticə göstərən şəxslərə, sıfır bal toplasa belə, attestat verilir”.
Ekspert deyir ki, həmin nəticələr şagirdlərin ali və orta ixtisas müəssisələrində qəbuluna əngəl yarada bilər:
“Onlar ali və orta ixtisas məktəblərinə qəbulda iştirak edə bilmir, yaxud da topladığı bala görə iştirak edir. Amma attestat veriilməməsi anlayışı yoxdur. Kəsəsi, valideynlər bilsinlər ki, buraxılış imtahanlarında övladlrının nəticələrinin nə qədər aşağı olmasından asılı olmayaraq, yaxud bir və ya bir neçə fənndən 2 qiymət alsalar belə, bu, onlara attestat verilməməsinə əsas ola bilməz”.
Bəs, kimlərə attestat verilmir?
Ekspert bildirib ki, yalnız bir neçə halda şagird attestasiya olunmur:
“Əgər şagird 7-ci, yaxud 8-ci sinfi bitirib 9-cu sinifdə, ya da növbəti sinifdə təhsilini davam etdirməzsə, yaxud da 10-cunu bitirib 11-ci sinifdə təhsilini dayandırarsa, 9-cu sinfə, yaxud 11-ci sinfə dərsə gəlib, amma məktəbdaxili qiymətləndirmədə iştirak etməzsə, summativ qiymətləndirilməzsə attestat almaya bilər. Çünki bu, həmin şagirdə illik qiymət çıxarılmasına mane olur və bu səbəbdən də attestasiya edilmir.
Eləcə də təhsilalan buraxılış imtahanında iştirak etməzsə, ona attestat verilmir".
Bu şagirdlərə attestat VERİLMƏYƏCƏK – XƏBƏRDARLIQ
25-04-2025
