Şəkili Yusifin qohumu da qumara görə həbs edilibmiş - Milyonluq işdə bəraət aldı

 19-04-2025

Üç ay əvvəl həbs edilən “qumar kralı” Yusif Baqiyevin (Şəkili Yusif) qohumu milyonluq işdə bəraət alıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi 35 yaşlı Urfan Quliyevi qumarxana təşkiletmə və külli miqdarda vergiləri ödəməkdən yayınma ittihamları üzrə təqsirsiz hesab edib.

İstintaq materiallarına əsasən, U.Quliyev Yasamal rayonunda yerləşən çay evlərinin birində qumar oyunları təşkil edib. Dövlət Vergi Xidməti əməkdaşları tərəfindən 2021-ci ildə keçirilən əməliyyat zamanı Urfan qohumu Şəkili Yusiflə birgə çayxanada olub.

Toplanmış sübutlar əsasında Urfan Quliyev cinayət məsuliyyətinə cəlb edilib. 

İstintaq orqanı Urfan Quliyevin internet üzərindən qumar oyunlarının təşkilindən 3 milyon manat gəlir əldə etdiyini, eyni zamanda 2 milyon manata yaxın sadələşdirilmiş vergini ödəməkdən yayındığını müəyyən edib. 2023-cü ilin iyun ayında həbs edilən Urfan  bir ay sonra azadlığa buraxılıb,  hökmə qədər ev dustaqlığında qalıb. 

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, qumar oyunlarını yalnız özü üçün oynayıb. Həmçinin Yasamal rayonunda mərc oyunları ilə bağlı məntəqə işlədib. Urfan ifadəsində Şəkili Yusifin qohumu olduğunu etiraf edib, lakin onunla qumarla bağlı əlaqəsinin olmadığını deyib. 

Təqsirləndirilən şəxsin vəkili Hikmət Əliyev müdafiə çıxışında müvəkkilinin təqsirsizliyini sübut edən əsasları göstərməklə bütün epizodlar üzrə bəraət hökmü çıxarılmasını xahiş edib. Şahidlərdən bir neçəsi də müdafiə tərəfinin lehinə ifadə verib.

Yekunda toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə qumarxana təşkiletmə və xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma maddələri ilə bəraət verilib. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs qeyri-qanuni işlə məşğul olduğundan, vergi ödəməməsi həmin fəaliyyətin nəticəsi kimi qiymətləndirilməlidir. Beləliklə, o, ittiham edildiyi üç maddədən 2-si üzrə bəraət ala bilib. Ona qanunsuz sahibkarlıq maddəsi ilə verilmiş ittiham isə tövsif edilib.

Hökmə əsasən, Urfan Quliyev yalnız qanunsuz lotereya və mərc oyunlarının təşkil edilməsində təqsirli bilinib. Bu ittihamla ona 1 il 10 ay 10 gün azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun həbsdə və ev dustaqlığında olduğu müddət də buraya daxil edildiyi üçün cəza çəkilmiş hesab edilib.

Hökm apellyasiya instansiyasında qanuni qüvvəyə minənə kimi U.Quliyev barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Urfandan 2 il sonra qohumu Yusif Baqiyev həbs edilib. Onun işi üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır. İlkin ittihama görə, Yusif qumarxana təşkilindən 161 milyon manat gəlir əldə edib.

Bənzər yazılar

0.077152013778687