Ölkənin aqrar sektoru hər il 3-4 faiz azalır
Hamıya bəllidir ki, Azərbaycan iqtisadiyyatının ən geridə qalmış sahələrindən biri də aqrar sektorudur. Rəsmi statistikaya görə hər il aqrar sektorda təxminən 3,5 faiz artım qeydə alınır. Lakin nəyinki bu kənd təsərrüfatında inkişafdan xəbər verir, hətta, bu əslində geriləmədir. Çünki hər il Statistika Komitəsi təxminən 3-7 faiz arası inflyasiya qeydə alındığıni elan edir.
Məsələn, 2021-ci ilin yekunlarına görə, illik inflyasiya 6.7 faiz, aqrar sahədə artım isə 3.4 faiz təşkil edib. Bu o deməkdir ki, 2021-ci ildə ölkənin kənd təsərrüfatı 3.3 faiz (6.7-3.4=3.3%) geriləyib. Əgər əvvəlki illərə nəzər yetirsək, ciddi əhəmiyyət kəsb etməyən mənfi-müsbət kənarlaşma ilə, eyni mənzərənin şahidi olarıq. Məhz ona görə də ildən-ilə ölkənin aqrar sektoru zəifləyir, yerli tələbatın xarici bazarlardan asılılıq dərəcəsi yüksəkir. Ölkənin hazırda kənd təsərrüfatı məhsullarına olan tələbatının ümumi dəyəri təxminən 12 milyard dollara bərabərdir. Burada isə yerli məhsulların payı 5.64 milyard dollar təşkil edir.
Göründüyü kimi, ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatının cəmi 47 faizini yerli, 53 faizini isə idxal məhsulları qarşılayır. İki il əvvəl yerli məhsulların bu göstəricidə payı 60 faizdən çox idi. Ötən əsrin 90-cı illərində isə yerli istehsal yerli tələbatın 90-95 faizini qarşılaya bilirdi. Deməli, aqrar sahə hələ də ildən ilə geriləyir.
Bəs bunun səbəbi nədir?
Birinci sadə səbəb ondan ibarətdir ki, dövlət kənd təsərrüfatına əsaslı investisiya qoymur. Dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan vəsaitin həcmi büdcə xərclərinin 3-4 faizi ötmür. Məsələn, bu il dövlət büdcəsinin xərclərı 32.3 milyard manat olduğu halda, aqrar sahəyə cəmi 997 milyon manat vəsait ayrılıb. Əvvəlki illərə nəzər saldıqda görürük ki, bu göstərici daha asaği faizlə ifadə edilir.
Əslində isə, kənd təsərrüfatı bütün növ məhsullar üzrə strateji sahə kimi qəbul edilməli, gərəkən qədər investisiya qoyulmalıdır ki, yerli istehsal yerli tələbatı ən azı 80 faiz qarşılaya bilsin.
İkincisi, ölkənin suvarma sistemi bərbad vəziyyətdədir. Bu sahəyə cavabdeh olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə hər il dövlət büdcəsindən aqrar sahəyə ayrılan vəsaitin yarışı qədər vəsait (bu il 460 milyon manat) alsa da, suvarma sistemlərinin təkimləşdirilməsi və suvarma suyunun idarə edilməsini zamanın tələbinə uyğun qurulması istiqamətində heç bir iş görmür.
Xərclərin inistisional tərkibi 30 il əvvəl necə tərtib edilibsə, bu gün də eyni qayda ilə tərtib edilərək silinir. Yəni korrupsiyaya uğradılaraq, mənimsənilir. Bir tərəfdən suvarma suyunun yarısi ötrücü kollektorlarda itkiyə gedir, digər tərəfdən isə suyun idarə edilməməsi su təminatı səmərəliliyini aşırı dərəcədə aşağı salır. Nəticədə, suvarılan tiroaəların 30-40 faizinə su çatmir ki, bu da məhsuldarlığın ilbəil azalmasına gətirib çıxarır.
Üçüncüsü, fermerlərə ayrılan subsidiyaların əksəriyyəti gedib ünvanına catmır, korrupsiyaya uğrayır. Ünvana çatan subsudiyanın isə 75 faizini fermer nəqdləşdirə bilmir. Fermerlər həmin nəqdiləşdirə bilmədiyi pulla dövlətin müəyyənləşdirdiyi şirkətlərdən keyfiyyətsiz gübrə, toxum və s. vasitələr almaq məcburiyyətində qalır. Keyfiyyətsiz vasitələr isə sonda aşaği məhsuldarlığa səbəb olur.
Dördüncüsü, aqrar sahədə becərmə və istehsalata elmi yanaşma mövcud deyil. Ölkədə bu sahə üzrə ali məktəb və elmi-tədqiqat institutları olsa da, onların istehsalatla əlaqələrı demək olar ki, yoxdur.
Beşincisi, aqrar sahədə ciddi mütəxəssis çatışmazlığı yaşanır. Ölkədə ya yaxşı kənd təsərrüfati mütəxəssisləri azdır, ya da fermerlər onları axtarıb tapa bilmir.
Akif Nəsirli