"Azərbaycanda fəaliyyət göstərən 140-a yaxın elmi təşkilatların əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur".
MillətinSəsi.İnfo "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən "Elm Festivalı"nda çıxışı zamanı deyib.
Nazir ölkədə elmi məqalə və məhsulların istehsalının az olmasının əsas səbəbi kimi maliyyələşmənin zəif olmasını misal çəkib:
"Azərbaycanda uzun illər elm və təhsil ayrı-ayrı inkişaf edib. Hazırda Azərbaycanda 150-dən artıq elmi müəssisə var. Lakin ümumi elmi məhsulların sayına baxdıqda elmi müəssisə sayları arasında qeyri mütənasiblik olduğunu görürük. Bu məqamda maliyyə və səmərəlilik mövzusu ön plana çıxır.
Ölkə üzrə bütün elmi xərcləri böldükdə bir elmi məqalə təxminən 35 min manata başa gəlir. Bu da o deməkdir ki, istənilən mövzuda olduğu kimi, elmdə də maliyyələşmə önəmlidir. Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması ixtisarlara səbəb olmayacaq".
Nazir bildirib ki, bəzi elmi müəssisələrin birləşdirilərkən ixtisarlar olmayacaq: "Sərəncama əsasən, bir qisim institutlar birləşdiriləcək. Bu istiqamətdə ixtisarlar nəzərdə tutulmur. Çünki bizin məqsədimiz kiminsə həyatını çətinləşdirmək deyil".
Qeyd edək ki, aprelin 4-də Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq. Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq. Əlavə olaraq, artıq fəaliyyət effektivliyi zəif olan bəzi elmi-istehsalat birliklərinin fəaliyyətinə xitam veriləcək.