Nikol Paşinyan: "İrəvan Bakıdan diplomatik kanallar vasitəsilə alınan məlumatları araşdırır"

 26-03-2025

Hazırda Ermənistan Azərbaycandan diplomatik kanallar vasitəsilə alınan məlumatları araşdırır.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib.

"Biz Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarını araşdırmağa hazırıq, bu mesajı diplomatik kanallarla göndərmişik və göndəririk. Biz, həmçinin eyni kanallar vasitəsilə bir sıra məlumatlar almışıq və vəziyyəti daha aydın şəkildə başa düşmək üçün tam ciddiyyət və səmimiyyətlə araşdırma aparırıq", - deyə o vurğulayıb.

Paşinyan tərəflərdən heç birinin eskalasiya niyyətini bəyan etmədiyinə diqqət çəkib. O, bu yanaşmanı düzgün və sülh gündəliyinin məntiqinə uyğun hesab edib.

Nikol Paşinyan bildirib ki, Ermənistan hökuməti beynəlxalq danışıqlar formatının - Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə təşkil olunan ATƏT-in Minsk Qrupunun ləğvini müzakirə etməyə hazırdır.

"Biz ATƏT-in Minsk Qrupunun buraxılmasını müzakirə etməyə hazırıq, çünki "Qarabağ hərəkatı"nı davam etdirmək fikrində deyilik", - o qeyd edib.

Qeyd edək ki, Ermənistan tərəfi şərti sərhəddə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini vaxtaşırı atəşə tutur. Sonuncu dəfə belə bir hal martın 16-20-də baş verib. Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan hərbçilərinin mövqelərini mütəmadi olaraq atıcı silahlardan atəşə tutması barədə dəfələrlə məlumat verib.

Bənzər yazılar

0.073507070541382