Şeyxdən Ramazan paylaşımı - İnsanlar üçün özəl imkanlar yaradır

 30-03-2022
“Ramazan ayı böyük ümidlər və iman kamilliyi üçün özəl imkanlar yaradan aydır. Orucluğun həm ictimai baxımdan, həm də insanın ruhu və cismi üçün olduqca böyük əhəmiyyəti vardır. Belə ki, orucluq ictimai yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən, insan səhhətinə müsbət təsir göstərən ilahi qüvvəyə malikdir”.
 
MillətinSəsi.info xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə özünün facebook hesabında paylaşıb.
 
O bildirib ki, bu müqəddəs ayda xeyriyyə əməlləri etmək Allahın nəzrində bəyənilən əməllərdəndir:
 
“Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Mübarək Ramazan günlərində Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək hər birimizin borcudur. Qəhrəman şəhidlərimizin mübarək ruhlarının anılması, ailələrinə himayə və ehtiram, qazilərin diqqət və qayğı ilə əhatə olunması Ramazanda nümunəvi mənəvi örnəklərdəndir”.
 
Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan ayında din xadimlərinin görməli olduğu işlərə də diqqət çəkib:
 
“Ramazan ayı boyunca din xadimlərimiz məscidlərdəki moizələrində bu mübarək ayda nazil olmuş Qurani-Kərimdə, Peyğəmbər Mühəmməd Salavatullahın hədislərində əksini tapan ilahi hikmət və fəzilətləri insanlara ən gözəl, üstün şəkildə çatdırmaqla yanaşı, Vətən müharibəsi qəhrəmanlarının – rəşadətli Ordumuzun, şəhid və qazilərimizin milli Zəfərimizin qazanılmasında şücaətlərini, ələlxüsus, müzəffər sərkərdə - dövlət başçımızın müdrik qalibiyyət siyasətinin, misilsiz quruculuq səylərinin ali dəyərini insanlara aşılamalı, təlqin etməlidirlər”.
 

 
Allahşükür Paşazadə Ramazan ayının başlanması tarixini də açıqlayıb:
 
“Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, Ramazan ayının 1-i miladi təqvimlə 2 aprel 2022-ci ilə təsadüf edəcək. Ramazani-Şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası orucluğun qaydaları, əməlləri, özündə əks etdirən Ramazan fətvası hazırlayıb. Bundan əlavə, QMİ-nin Fətva şöbəsi oruc ibadətinin vacibatları, özəl məqamları barədə ətraflı moizə hazırlayıb məscidlərimizin imamlarına yollayacaqdır ki, oruc tutan insanları maraqlandıran bütün suallara dair maarifləndirmə işi aparsınlar".
 
Allahşükür Paşazadə deyib ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf edəcək.

Bənzər yazılar

0.38123393058777