Şəhid Əmirov Adəm Elçin oğlunun anası Südabə xanım: "Çadırda palçığın, suyun içində böyümüş uşaq erməni ilə barışa bilməzdi"

 19-09-2022

Yolum Ağdamın Bənövşələr kəndinə idi. Orada da bir evin oğlundan bir elin qəhrəmanına çevrilən şəhid qardaşlarımızdan birinin ocağı vardı. Vətən müharibəsi şəhidi Əmirov Adəm Elçin oğlunun ailəsini ziyarət edib, qardaşımızın xatirəsini birlikdə yad etdik. Bu ocaqda şəhidin valideynləri və nənəsi ilə həmsöhbət oldum.

Adəm Əmirov 26 avqust 1999-cu ildə Ağdam rayonunun Xındırıstan kəndində doğulub. Ailədə iki qardaş, bir bacıdırlar.
 
 
Şəhidin atası Elçin Əmirov bildirir ki, hələ orta məktəbi bitirməmiş qaçqın düşüb, 4 il könüllü Sərhəd Qoşunlarında xidmət edib. Əvvəlcə qaçqın kimi Bərdənin Ərəb çadrı düşərgəsində yerləşdiriliblər. Daha sonra onlar Ağdamın Bənövşələr kəndində evlə təmin ediliblər:
 
"Adəm də birinci sinfə ərəb çadırında gedib. Oğlum orta təhsilli idi. Daha sonra peşə təhsili müəssisində çilingərlik təhsili almışdı. Ailəmizin böyük övladı idi. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, 2019-cu ildə isə başa vurub. Əsgərlikdən gələndən sonra narahat idi. Bizə deyirdi ki, Ağdam erməni tapdağı altında ola-ola mən buralarda dayana bilmərəm. Məni Vətən çağırır, getməliyəm. Elə oldu ki, 2020-ci ildə Müddətdən artıq hərbi xidmətə (MAXE) qəbul olundu və tuşlayıcı kimi xidmətə başladı. Sonra manqa komandiri olub. 5 illik müqavilə bağlamışdı, ancaq iki ay sonra şəhid oldu".
 
Anası Südabə xanım deyir ki, nə qədər düşünürəm, Adəm bizi heç vaxt incitmədi, heç vaxt əziyyət vermədi. Çox mərd oğul idi:
 
 
"Torpaqlarımızın işğalı ilə barışa bilmirdi. Bəlkə də çadır şəhərciyində doğulması, əziyyətli günlərimiz ona təsir etmişdi. Həmişə deyirdi torpaqlarımızın işğalı ilə barışa bilmərəm, mən də gedib qisasımı alacağam. Çadırda palçığın, suyun içində böyümüş uşaq erməni ilə barışa bilməzdi.
 
Hər evə gələndə kirli paltarları yudurtmağa gətirirdi və bütün isti paltarları yığıb əsgər yoldaşları üçün aparırdı. Yeddi əsgəri vardı, deyirdi, ana onları mənə tapşırıblar, tez getməliyəm birdən üşüyərlər, xəstlənərlər. Onlara isti geyim aparmalıyam".
 
Hər şəhid evindəki kimi bu ocaqda da şəhid guşəsi var. Adəmin şəkilləri, hərbi geyimləri, təltifləri, uğrunda canından keçdiyi Vətən bayrağı...
 
Adəm haqqında xatirələrini bizimlə bölüşən nənəsi Ziba müəllimə nəvəsindən qürurla danışır:
 
"Onun uşaqlığı ilə bağlı çox şey xatirimdədir. Bir dəfə uşaqlardan narahat oldum, dərsdən sonra çadır şəhərciyinə getdim ki, onları görəm. Yağışlı günlər idi, gedib gördüm çadır palçığın, suyun içindədir. Uşaqlar da üşüyürdülər, qardaşı ilə Adəmi götürüb özümlə gətirdim. O zaman Adəmin 4, qardaşının 2 yaşı qardaşının iki yaşı vardı. Uşaqları yedirib-içirib, isti yer-döşəkdə saxlayırdım. Səhəri məktəbdən gələndə Adəm dedi, nənə, anamgil çadırda üşüyürlər axı, bizi çadırımıza, onların yanına apar. Dörd yaşlı uşaq ana-atasını düşünürdü...
 
 
Bir dəfə mənə sənədlərini toplayırdı, mənə zarafat etdi ki, nənə, sənin 3 oğlunun ala bilmədiyi torpağı mən alacağam. Qorxmaz, igid uşaq idi. Ailə qayğısı çəkərdi, heç kimi incitməyi sevməzdi".
 
Atası deyir ki, nəslimizin Birinci Qarabağ müharibəsində də şəhidləri olub. 5 yaxın qohumum Papravənd kəndində ermənilərin Ağdarə istiqamətindən hücumu nəticəsində şəhid olublar. Adəm də əsgərlikdə minomyotçu olub:
 
"Deyirdim, gəl, səni evləndirək, deyirdi ki, gərək ailəmizin güzaranın yaxşılaşdıram sonra evlənərəm. Döyüşdən heç bir məlumat verməyi xoşlamırdı. Həmişə deyirdi ki, Qarabağ Azərbaycandır! Burda ölüm var, ancaq biz əbədi tarixə düşəcəyik. Bir dəfə zəng edərək hal-əhval tutdu, dedi az qalıb sizin kəndi alıb verəcəyik. Həmin vaxtı Ağdərədəki erməni kalonu vurulmuşdu. Döyüş yoldaşı danışırdı ki, müharibə vaxtı 1 saata 140 minamyot mərmisi atmışdı. Hamısının üstünə Əmirov Adəm yazırdı. Döyüşlərdə qabaqada ayaq üstə döyşürdü. Heç nədən qorxmazdı.
 
Mən ata kimi ona deyirdim, səni arxadan vursalar, elə bilərəm qaçmısan, qəbul etmərəm. Çox igid oğlan idi, heçnədən qorxusu yox idi. 14 oktaybr gecə saat 01:00- da Adəm zəng etdi ki, iki xatadan qurtarmışam, özümə qurban demişəm. Şəhid olduğu gün gecə yuxu da görüb. Gecə saat 4-də komandirinə deyib ki, nəsə qan iyi gəlir, narahatam. Həmin gecə 5-6 radələrində ermənilər həmin səngəri vurublar, Adəm də şəhid olub.
 
Vətən müharibəsi zamanı gecə- gündüz könüllü səngər qazmışam. Biz bütün varlığımızla Vətənə, millətə, bu torpağa bağlı insanlarıq. Mən öz övladlarımı da bu cür tərbiyyə etmişəm. Qismət elə gətirdi ki, öz oğlumun qəbrini də özüm qazdım. Balamsız heç dözə bilmirəm..."
 
 
Şəhid Adəm Əmirovun Mingəçevirdə təlimdən sonra N saylı hərbi hissəyə quru qoşunlarına gətirilib, Suvçanlı-Hacı Məmmədli istiqamətində, Qarqar çayı istiqamətindəki ərazidə şəhid olub.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Adəm Əmirov ölümündən sonra "Vətən uğrunda" medalı, Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Adəm "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
 
Atası Adəmin adına bulaq tikdirib. Ailəsinin arzusudur ki, yaşadığı küçəyə onun adı verilsin.
 
Ruhun şad olsun, şəhid Adəm Əmirov!
 
 
Aydın Tağıyev,
Azərbaycan Jurnlistlər Birliyinin üzvü,
müstəliq araşdırmaçı jurnalist

Bənzər yazılar

0.49216294288635