Anar Quliyev: "Qarabağda insanlar münaqişənin dağıntılarından şəhərlər yaradırlar"

 14-03-2025

"Azərbaycan hökuməti yenidənqurma üçün dövlət büdcəsindən maliyyə ayırıb. İki hava limanı inşa edilib, üçüncüsü isə bu yaxınlarda istifadəyə veriləcək. İşğaldan azad edilmiş ərazilərimizdə 30 mindən çox şəxs işləyir və ya yaşayır".

MillətinSəsi.İnfo xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, Azərbaycan da bir çox xalqlar kimi münaqişənin ağrı-acısını yaşayıb:

"İndi Qarabağda insanlar münaqişənin dağıntılarından şəhərlər yaradırlar. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılır".

Anar Quliyev əlavə edib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu ərazilərdə yenidənqurma işlərində yaxından iştirak edir və inşa prosesində mədəni irs nümunələrinin qorunmasına xüsusi diqqət yetirilir.

Qarabağ Universiteti barədə danışan komitə sədri bildirib ki, yaxın 5 il ərzində bu təhsil ocağında oxuyan tələbələrin sayının 7 minə çatacağı gözlənilir.

Bundan başqa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev  Azərbaycanın bir sıra tərəfdaş ölkələrə yardım göstərməyə hazır olduğunu deyib: "Ukraynada bərpa prosesi ilə bağlı müəyyən layihələr hazırlanır. Lazım olacağı təqdirdə Azərbaycan tərəfdaş ölkələrə yardım göstərməyə hazırdır. Hələlik Suriyada bərpa işlərində iştirakla bağlı komitənin qarşısında məsələ qoyulmayıb. Əvvəlki dövrlərdə Türkiyədəki zəlzələdən sonra Azərbaycan dəstək göstərdi, maliyyə ayırdı və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə bir məhəllə yenidən quruldu".

Bənzər yazılar

0.061342000961304