“Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın videokonfrans formatında iclası keçirilib.
Bu barədə MillətinSəsi.info-a Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.
Bildirilib ki, tədbirdə elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlarla bağlı məlumatlar mütəxəssislər tərəfindən təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb.
Preparatların sınağı və tətbiqi zamanı əldə olunan müsbət nəticələrə əsasən, ilk dəfə qeydiyyata alınan 54 adda aqrokimyəvi maddə və 38 adda pestisid, təkrar qeydiyyata alınan 2 adda aqrokimyəvi maddə və 64 adda pestisid olmaqla, ümumilikdə, 158 adda preparatın dövlət qeydiyyatına alınması, sənədlərinin ekspertizası nəticəsində müsbət rəy bildirilən 16 adda aqrokimyəvi maddə və 24 adda pestisid olmaqla, 40 adda preparatın 3 mərhələdən ibarət dövlət sınağının aparılması barədə qərar qəbul olunub.
İşçi Qrup tərəfindən verilmiş rəylərə əsasən, ilkin qeydiyyat üçün 19 adda, təkrar qeydiyyat üçün 33 adda preparata məxsus sənədlər toplusunda uyğunsuzluq aşkar edilib. Təkrar qeydiyyat üçün müraciət edilmiş 2 adda preparatın təsiredici maddəsi Agentliyin Kollegiyasının təsdiq etdiyi siyahıda olmasa da, Avropa Birliyinin və Türkiyə Respublikasının qəbul etdiyi qadağa siyahısında qeyd olunduğundan, həmin təsiredici maddələrin yenilənəcək qadağa siyahısına daxil edilməsi nəzərdə tutulur. Bütün bunları nəzərə alaraq, Ekspert Şurasının üzvləri tərəfindən 54 adda preparatla bağlı imtina qərarı verilib.
Qeyd edək ki, son illər ölkəmizdə bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı sahəsində nəzarət tədbirləri daha da təkmilləşdirilib. Sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin, aqrokimyəvi maddələrin idxalına icazə verilir.