Bakıda DƏHŞƏT: Dostunun arvadının başını kəsdi, meyitini betonladı - VİDEO

 28-03-2022

Qısa arayış…

2021-ci il yanvarın 17-i, saat 23 radələrində paytaxtın Pirallahı qəsəbəsində yaşayan Telman Mövsümzadə aralarında yaranmış mübahisə zamanı yaşadığı evin həyətində bıçaqla tanışı Lalə Ramazanovanın boğazını kəsərək öldürüb. Sonra cinayətin izini itirmək məqsədi ilə meyiti həyətyanı sahədə basdırıb və üzərini betonlayıb.

Cinayət işi üzrə protokol
 
Fevralın 5-də isə Emil Mirzəyev qeyri-rəsmi yaşadığı arvadı 1981-ci il təvəllüdlü Lalə Ramazanovanın yanvarın 17-də evdən çıxıb və bir daha geri qayıtmadığı barədə rayon Polis Şöbəsinə müraciət edib. Bu barədə isə Polis Şöbəsindən rayon Prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin gün Emil Mirzəyev və Lalə Ramazanova ümumi tanışları, 29-cu məhəllə ev 25-də yaşayan Telman Mövsümzadə ilə birlikdə yeyib-içiblər. Bundan bir müddət sonra Emil həmin ünvandan çıxıb gedib. Saat 22 radələrində Lalə Ramazanova ilə Telman Mövsümzadə arasında mübahisə yaranıb. Bu zaman Telman Lalənin boğazını bıçaqla kəsərək, meyitini yaşadığı evin həyətində basdırıb.

Telman Mövsümzadə

Şübhəli şəxs qismində saxlanılan 1975-ci il təvəllüdlü Telman Mövsümzadə Lalə Ramazanovanın meyitini basdırdığı yeri göstərdikdən sonra, cəsəd qazılaraq, oradan çıxarılıb. Meyitə baxış keçirilərkən boyunun üçdə bir hissəsini əhatə edən bir ədəd dərin yara aşkar edilib.

Lent.az sözügedən qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, yanvarın 17-i saat 20 radələrində Telman Mövsümzadə dostu Emil Mirzəyevi və onun rəsmi nikahsız yaşadığı Lalə Ramazanovanı evinə qonaq çağırıb. Telman yeyib-içərkən, sərxoş vəziyyətdə Emilə dost kimi vaxtaşırı onu axtarmaması ilə bağlı irad bildirib, onu evdən qovub. Lalə Telmana birgə yaşadığı şəxsin arxası ilə danışmasının düzgün olmadığını bildirdikdə, o, qadını öldürmək qərarına gəlib. Bıçaqla Lalənin boğazına bir dəfə zərbə vurub, sonra boğazını kəsib. Törətdiyi ağır cinayəti gizlətmək məqsədi ilə yeri qazıb, meyiti orda basdırıb.

Lalənin meyitinin gizlədildiyi yer
 
İş üzrə dindirilmiş Telman Mövsümzadə bildirib ki, fərdi qaydada avtomobil təmiri ilə məşğul olub. Viktoriya Qribennikova ilə qeyri-rəsmi münasibətindən 2005-ci il təvəllüdlü Nailə Mövsümzadə adlı qızı var:

“2016-cı ildə qəsəbədə İlona Kutadeladze ilə tanış olaraq, o və qızı ilə Dəmiryolu küçəsi, 25 ünvanında 2 otaqlı fərdi evdə yaşayırdım. Emil Mirzəyevi 2007-ci ildən tanıyıram, baş vermiş hadisəyədək yaxın dostluq münasibətlərimiz olub. 2019-cu ilin noyabr ayından Emil Lalə adlı qadınla 29-cu məhəllə, bina 11 mənzil 24-də yaşayıb. 2021-ci il yanvarın 17-i saat 20:30-da Emil və Lalə evimə gəldilər, masa arxasında əyləşərək, yeyib-içdik. İlona və qızım Nailə də yanımızda olublar.

Təxminən 1 saatdan sonra Emillə aramızda sözlü mübahisə yarandı. Əsəbi halda həmişə köməklik etdiyimi, amma onun saymamazlıq edib, yanıma gəlmədiyini söyləyəndə, Emil işlərinin çox olduğu üçün, tez-tez qonaq gələ bilmədiyini dedi. İşlərinin çox olmasını bəhanə kimi qəbul etdiyimi deyəndə, Emil çıxıb, getdi. Evi tərk etməmişdən əvvəl onunla gedib-getməməsini soruşanda, Lalə de dedi ki, mən qalıram. Bundan 20 dəqiqə sonra qızım da evdən çıxdı. Nailə evdən getdikdən sonra, İlona və Lalə ilə birlikdə spirtli içki içməyə davam etdik. Bir müddətdən sonra arvadım masadan qalxaraq yatmaq istədiyini dedi və yataq otağına keçdi.

Təxminən 15 dəqiqədən sonra Emil zəng edərək, Lalədən evə gəlməsini tələb edəndə, qadın bir azdan gələcəyini söylədi. Saat 23 radələrində Emil haqqında danışanda Lalə əsəbiləşib, nəyə görə arxasınca pis sözlər dediyimi soruşdu. Düz elədiyimi bildirəndə, Lalə məni söydü. Lalənin qolundan tutub, ayağa qaldırdım. Bir-birimizi söydük. Şkafdan bıçağı götürdüm, qapını açaraq qadını əlimlə çölə itələdim. Lalənin mənə şillə vurmaq istəməsinə bərk əsəbiləşdim, bıçaqla boğazına vurdum. O, əli ilə boynunu sıxaraq, yerə yıxıldı və xırıldamağa başladı. Qan sürətlə axdığı üçün, artıq ona köməklik göstərməyimin mənasız olduğunu düşündüm. Tez ölsün deyə, sol dizimi belinə qoydum ki, hərəkət edə bilməsin. Saçlarından tutub, özümə tərəf çəkərək, bıçaqla boğazını kəsdim”.

Cinayətdə istifadə olunan bıçaq

Həmin vaxt baş vermiş hadisəni görən olmayıb. Qazıntı zamanı belin səsi eşidilməsin deyə, evin girişində olan televizorun səsini bir qədər artırıb:

“Pəncərədən yataq otağına baxanda İlonanın yatdığını gördüm. Torpaq örtüyü yumşaq olduğu üçün 10 dəqiqə ərzində təxminən 1 metr dərinliyində çuxur qazaraq, meyiti ora atdım. Həyətə sıçramış qan izlərini xlorla sildim. Əynindən çıxardığım gödəkçə, sviter və çəkmələri, həmçinin öz əynimdə olan paltarları qara rəngli sellofan torbaya qoyub, evdən 150 metr aralıda yerləşən zibil qutusuna atdım. Evə qayıdıb, qab yuyanla bıçağın üzərindəki qan ləkələrini yudum. Bıçağı götürdüyüm yerə qoyaraq, yatdım. Yanvarın 26-da Emilə zəng edərək, həyətdəki torpaq örtüyünün üzərini betonlamaq istədiyimi dedim. Bunun üçün hansı miqdarda sement və qum almalı olduğumu soruşdum və bu işdə mənə köməklik etməsini xahiş etdim. Növbəti gün aldığım tikinti materiallarından istifadə etməklə meyiti basdırdığım sahəni betonladım. Emil bu işdə köməklik edəcəyinə söz versə də, mübahisə ilə bağlı incik qaldığından mənə kömək etmədi”.

Lalə Ramazanovanın cəsədi

Zərərçəkmiş şəxsin hüquqi varisi Əbdül Ramazanov ifadəsində göstərib ki, 2000-ci ildə bacısı Lalə Ramazanovanın Dilavər Dadaşovla olan nikahından Jalə adlı övladı dünyaya gəlib. 2001-ci ildə əri yol-nəqliyyat hadisəsində vəfat edib:

“Həmin vaxtdan sonra bacım tüfeyli həyat tərzi keçirməyə, spirtli içki içməyə, müxtəlif şəxslərlə ünsiyyət qurmağa başladı. 2019-cu ildən etibarən qeyri-rəsmi Emil Mirzəyevlə yaşayırdı. Keçirdiyi həyat tərzinə görə utandığımdan, onunla çox nadir hallarda görüşürdüm, arabir telefonla əlaqə saxlayıb, hal-əhvalını öyrənirdim. 2021-ci ilin yanvar ayının axırlarında bacım Vüsalə mənə zəng edərək, Laləni tapa bilmədiyini dedi. Fevralın 5-də Pirallahı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi Elxan Abdullayev məni şöbəyə dəvət etdi. Ora getdikdə, mənə məlumat verildi ki, yanvarın 17-də əvvəllər tanımadığı Telman Mövsümzadə bacımı qətlə yetirərək, meyitini evin həyətində basdırıb”.

Qətl olan otaq
 
Şahid Emil Mirzəyev bildirib ki, yanvarın 18-də dostu Telman ona zəng edərək, Lalənin “evə gəlib-getmədiyini” soruşanda “gecə saat 3-ə kimi gözlədiyini, lakin onun gəlmədiyini” bildirib. Yanvarın 26-da Telman ona həyətdəki torpaq örtüyünü betonlamaq istədiyini deyib:

“Telman bunu yağış yağanda həyətin palçıq olması ilə izah etmişdi. Fevralın 5-də hər ikimizi şöbəyə dəvət etdilər. Telmanın Laləni öldürdüyünü etiraf etdiyini bildirdi”.

Lalənin meyitinin həyətdə basdırıldığı yer
 
Şahid Nailə Mövsümzadə ifadəsində göstərib ki, yanvarın 17-də ev işləri görmək və yemək bişirmək üçün qonşuluqda yaşayan Mürşüd Məmmədovun evinə gedib:

“Gecə qonşumuzun evində qaldım, səhər saat 6.30-da həyətimizə qayıdanda, gördüm ki, evin giriş qapısı ilə üzbəüz olan torpaq örtüyü sanki qazılıb və sonra yenidən örtülüb. Adətən atam çoxlu miqdarda spirtli içki qəbul etdikdən sonra, halı pisləşsə də, ilk dəfə onu belə həyəcanlı vəziyyətdə gördüm.
Həmin gün atam həyətdə saxladığımız itlərin torpaq örtüyünün üzərinə çıxıb, oranı qazmalarına imkan vermədi. Baş vermiş hadisəni görməmişəm”.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Telman Mövsümzadə 19 il müddətinə azadlıqdan məhrum olunub.

Bənzər yazılar

0.44098687171936