İki MTK arasındakı məsələ 10 ildir bitmir, əziyyətini biz çəkirik

 17-10-2024

“Badü-Kubə” MTK 87 min manat mənimsədiyi üçün bu gün biz susuz qalmışıq”. 

Bu iddia ilə “Qafqazinfo”ya Yeni Günəşli qəsəbəsi, V massivində yaşayan bir qrup sakin müraciət edib. 

Vətəndaşların sözlərinə görə, suyun kəsilməsinə səbəb binanın bundan öncəki sahibinin sözügedən borcu ödəməməsidir: “Binada liftin və su nasosunun elektrik xətti ayrılıb, 1000 nəfər sakin susuz qalıb. Buna səbəb olaraq bildirilib ki, “Badü-Kubə”nin 87 min manat işıq borcu ödənilməyib. Bizim isə heç bir borcumuz yoxdur, vaxtlı-vaxtında kommunalların ödənişini edirik. Ancaq nə lift işləyir, nə su gəlir. Binanın əvvəlki sahibi “Badü-Kubə” MTK ilə hazırkı sahibi “A.R.&KO” MMC arasında buna görə qalmaqal yaşanır, əziyyətini isə biz çəkirik. İki MTK arasında olan məsələ 10 ildir ki, bitmir, olan biz sakinlərə olur”. 

Bina sakinləri həmçinin bildirib ki, iki il bundan öncə ödənişin “Badü-Kubə” MTK tərəfindən ödənilməsi üçün qətnamə çıxarılaraq icraya yönləndirilib: “Hazırda binanın həmin MTK ilə heç bir əlaqəsi yoxdur, ancaq ödənişlər onlara aiddir. Amma borcu kimsə üstünə götürmür”. 

Ödənişlərin edilməməsi iddiaları ilə bağlı binanın hazırkı sahibi “A.R.&KO” MMC-nin rəhbəri Rəhilə Əsədullazadə ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, ödənişlər hər ay “Badü-Kubə” MTK-nın kodu ilə həyata keçirilir: “Binanı təhvil aldıqdan bəri “Badü-Kubə”nin problemləri ilə üzləşirəm. Hazırda həmin şirkətin 87 min manat borcu var. Ancaq bunu mənim üzərimə atmağa çalışırlar. Əgər mənim borcum varsa, məhkəməyə müraciət edərək alsınlar. Ancaq burada əziyyət çəkən sakinlərdir. Ödənişlərlə bağlı “A.R.&KO” MMC üçün ayrıca kod açılmır. Ödənişlər əvvəlki şirkətin kodu ilə ödənildiyi üçün onlara hətta ƏDV-lər də qalır”. 

İddialarla bağlı sözügedən binanın əvvəlki sahibi “Badü-Kubə” MTK-nın da mövqeyini öyrənməyə çalışdıq. Təsisçi Ədalət Qəmbərov saytımıza açıqlamasında iddiaları təkzib edib: “Hər hansı rəsmi mənimsəmə varsa, sübut varsa, gedib məhkəməyə müraciət etsinlər. Bu sözləri deyən “A.R.&KO” MMC-nin ətrafına yığışan 5-10 nəfər adamdır. 2018-2019-cu illərdə o binada heç bir sayğaclaşma olmayıb. Xətlər hamısı bərbad vəziyyətdə idi. 

Yığılan borc isə sakinlərin ödəmədiyi qalıqlardır. Buna görə də ovaxtkı 81 min borca görə, İşıq İdarəsi MTK-nı məhkəməyə verdi. Sonra “A.R.&KO” MMC gəldi aləmi qatdı, borc oldu 89 min manat”.

Fotoda: Ədalət Qəmbərov

Şirkət rəhbərinin sözlərinə görə, həmin bina məhkəmə qərarı ilə “A.R.&KO” MMC-nin istismarına verilib: “Qərarla aktivləri qəbul edən adam passivləri də etməlidir. İşıq, su borcu varsa, onu ödəməlidir. Kim MTK sədridirsə, o məsuliyyət daşıyır. İşıq idarəsi haqlı olaraq gəlib su nasoslarını kəsib. Dediyim kimi, borclar 2017-dən bəri yığılan borclardır. Digər MTK rəhbərliyə keçəndən sonra borc daha da çoxalıb. Bizim MTK-ya o vaxtı 2 milyon 613 min manat ziyan dəyib. Mən orada ancaq sakinlərə xidmət göstərmişəm. İndiki sahibi də vətəndaşlara xidmət etməlidir. Bu şirkət qanun nədir bilmir. Sakinlərdə çek varsa, ödənişlə bağlı bunu təqdim etsinlər. Biz “A.R.&KO” MMC -dən təzminat istəyəcəyik, bununla bağlı məhkəməyə müraciət etmişik. Dövlətimizin qanunları var, bu qanunlardan ali heç nə yoxdur”.

Hazırda binada yaşanan su problemi ilə bağlı isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin bina içməli su ilə vaxtında və əvvəlki qaydaya uyğun olaraq təmin edilir: “Əgər sakinlərə su verilmirsə, bu, MTK ilə sakinlər arasında olan problemdir və bizim qurumla heç bir əlaqəsi yoxdur.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti MTK-larda suyun verilməsinə nərazət prosesini yalnız suyun ötürüldüyü anbara qədər həyata keçirmək səlahiyyətinə malikdir. Suyun mənzillərə ötürülməsini isə MTK-lar həyata keçirir”.

Qeyd edək ki, sözügedən binayla bağlı saytımıza daha əvvəl də şikayətlər daxil olub. Daha öncəki problem binada sakinlərin 2013-cü ildən bəri çıxarış ala bilməməyi ilə əlaqədar idi. 

Həmin bina hətta üzərində yenidən əlavə mərtəbənin tikilməsi ilə ictimai müzakirələrə də səbəb olub.  

Məlumat üçün bildirək ki, binanın köhnə və yeni sahibləri arasında mübahisələr bir neçə il əvvəl yaranıb və hətta qanla bitib. Belə ki, 2012-ci ildə “Altun” istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel həmin rayonun Yeni Günəşli qəsəbəsində yerləşən “Badü-Kubə”yə məxsus binanın qarşısında atasının ov tüfəngindən atəşlər açaraq həmin vaxt MTK-nın sədri olan Samid Məmmədovu öldürüb, onun xalası oğlu, həmçinin MTK-nın təsisçisi Ədalət Qəmbərova xəsarət yetirib. Türkel Əsədullazadə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Asif Əsədullazadə özü isə külli miqdarda dələduzluqda ittiham edilərək bu ilin yayında şərti cəza alıb. 

Fidan Etibar 

Fotoda: Asif Əsədullazadə

Bənzər yazılar

0.068477153778076