Mingəçevirdə küçəni kanalizasiya suları basıb

 14-10-2024

Mingəçevir şəhərində 500 məcburi köçkün ailəsinin məskunlaşdığı qəsəbədə kanalizasiya suları ətrafa axıdılır.

Bu barədə Oxu.Az-a sakin şikayət ünvanlayıb.

O bildirib ki, ətrafa dağılan çirkab su 5 gündür təmizlənmir:

"Yolu çirkab su basıb. Aidiyyəti quruma müraciət etməyimizə baxmayaraq, 5 gündür heç bir tədbir görülmür".

Mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlanıb.

Sorğumuza cavab olaraq qurumdan bildirilib ki, sözügedən ərazidə çəkilən xətlər istismar müddətini tamamlayıb:

"Yeni layihə olaraq magistral xətlərin çəkilməsinə başlanıb, lakin qeyd olunan ərazidə ev bağlantıları verilməyib. Ərazidəki boru şəbəkəsi istismar müddətini tamamladığına görə, hazırda problemin aradan qaldırılması istiqamətində hər hansı tədbir görmək mümkün deyil. Yalnız layihə əsasında işlərin sürətləndirilməsindən sonra baxış quyuları qoymaq olar".

Sözügedən məsələ ilə bağlı videonu təqdim edirik:

Bənzər yazılar

0.097532033920288