Hacıqabulda evləri su basıb, dəmir yolu xətti dağılıb 

 12-10-2024

Hacıqabul şəhərinə aramsız yağan yağışlar fəsadlara səbəb olub.

APA.az xəbər verir ki, nəticədə 200-ə yaxın evi su basıb.

Bildirilir ki, yüzlərlə evin həyəti su altında qalıb:

“Şəhərdaxili yollar, şəhərin mərkəzi, şəhər polis şöbəsinin ətrafı 1 metrə qədər su altında qalıb. Şirvan-Hacıqabul dəmir yolu xəttinin 30 metrə qədər hissəsi dağılıb. Bəzi istiqamətlərdə elektrik verilişi dayandırılıb. Bir neçə yerdə transformatorları su basıb”.

Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının Sədri Saleh Ələsgərov bildirib ki, səhər saatlarından başlayan güclü leysan yağışları nəticəsində rayon mərkəzi də daxil olmaqla bir neçə kəndi, o cümlədən Atbulaq, Qızılburun, Qubalı Baloğlan, Pirsaat, Nəvahi, Udlu kəndlərini su basıb.

O qeyd edib ki, xüsusilə əhalinin həyətyanı sahələrinə xeyli ziyan dəyib:

“Hadisə yerinə aidiyyəti orqanlar cəlb olunub. Rayon İcra Hakimiyyətinin başçısı da hadisə yerindədir. Əməli tədbirlər görülür. Şəhər mərkəzində elektrik enerjisinin verilişi dayandırılıb. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq”.







Xəbər verildiyi kimi, intensiv yağışlar nəticəsində Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri təhlükəsizlik tədbirlərinin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

FHN xəbər verir ki, ötən gündən başlayan əməliyyat gecə saatlarında da fasiləsiz olaraq davam etdirilib.

Əməliyyat nəticəsində subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin olunub.

Həmçinin, Nazirliyin qüvvələri tərəfindən köməyə ehtiyacı olan 3-ü uşaq olmaqla ümumilikdə 11 nəfər, o cümlədən tibbi yardıma ehtiyacı olan 1 nəfər təxliyə olunub.

Hazırda Nazirliyin Mülki müdafiə qoşunları və Muğan Regional Mərkəzinin qüvvələrinin cəlb olunduğu əməliyyat davam etdirilir.

Bənzər yazılar

0.072825908660889