Bütün işi Bəsrət Abbaslı görsə də, ona yüngül ittiham verilib

 23-08-2023

Bakı Ağır Cinayətlər Məhkəməsində Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbasovun oğlu, “Konstra” MTK-nin təsisçisi və sədri Bəsrət Abbaslının məhkəməsi davam edir. 

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dövlət ittihamçısı B.Abbaslının Cinayət Məcəlləsinin 308.1-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinərək ona 3 il həbs verilməsini tələb edib.

İş üzrə digər təqsirləndirilən şəxslər: MTK-nin direktoru Dilafir Rəsulov və əməkdaşı Tahir Əliyevin isə 178.4 (Dələduzluq-xüsusilə külli miqdarda zərər vurmaqla) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrin tələbi üzrə cəzalandırılması tələb edilib. Prokuror hər iki şəxsə 15 illik həbs cəzasının verilməsini istəyib.

Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində tanınan çoxsaylı şəxslərdən olan Emin Məmmədov və Fuad Qarayev saytımıza bildirib ki, Bəsrət Abbaslı Nərimanov rayonu M.Sənani küçəsi 13/15 ünvanında tikilən 3 girişli 21 mərtəbəli bina üzrə podratçı şirkətin rəsmi şəkildə rəhbəri olsa da, bütün müqavilələr onun adından və möhürü ilə imzalansa da, ona yüngül maddə ilə ittiham verilib: "Belə ki, ibtidai istintaq Bəsrət Abbaslının barəsindəki dələduzluq ittihamını aradan qaldırıb. Buna baxmayaraq onun və ailəsinin 5 milyon manatlıq əmlakının üzərinə həbs qərarı qoyulub. Bəsrət Abbaslının ittiham edildiyi 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddə üzrə veriləcək hökm isə hər hansı müsadirəni nəzərdə tutmur. Bu səbəbdən də iş üzrə zərərçəkmiş qismində tanınan xeyli insan istintaqın gəldiyi nəticə və məhkəmənin gedişatına etiraz edir. Biz zərərçəkmişlər Bəsrət Abbaslının və atasının həyata keçirdiyi tikinti işləri və satışla əlaqədar üzləşdiyi dələduzluq əməllərinə görə onların məsuliyyətdən kənar qalmasını başa düşmürük".

"Konstra" MTK-nın tikdiyi binadan ödəniş etsələr də, ev ala bilməyən şəxslər bildirib ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən D.Rəsulov və T.Əliyev onların özbaşına müqavilələr bağlayaraq pul vəsaitlərini qəbul etməsi və öz maraqları üçün xərcləməsi iddiasını qəbul etməyiblər. Həmçinin şahid qismində ifadə verən Vəsilə Məhərrəmova, Vüqar Cavadov və digərləri binadakı hər hansı obyekt və ya mənzilin MTK-nın rəsmi rəhbəri olan Bəsrət Abbaslının atası Bəhramdan xəbərsiz satılmasının mümkün olmadığını bildiriblər.

V.Məhərrəmova bildirib ki, “Konstra” MMC yarandığı gündən Bəhram Abbasov oraya gəlib: “Bəhram Abbasov satışa və yığılan pullara nəzarət edirdi, hər gün yığılan pullar ona təhvil verilib”.

Təqsirləndirilən şəxslərdən Dilafir Rəsulov da bütün işlərə Bəhram Abbasovun nəzarət etdiyini deyib: “Tikinti materialları onun icazəsi ilə alınıb, onun tapşırığı ilə mənzillər satılıb, pullar qəpiyinə kimi, Bəhram Abbasova verilib. Tahir Əliyev çox vaxt xaricdə olub, heç kimlə danışıqlar aparmayıb, ev satmayıb və və götürməyib”.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi üzrə növbəti iclas avqustun 25-də baş tutacaq.

Zərərçəkənlər bildiriblər ki, avqustun 25-də məhkəmənin yekun qərar verməyəcəyinə və işi yenidən istintaqa qaytaracağına ümid edirlər: “İnanırıq və ümid edirik ki, Bəhram və oğlu Bəsrət haqqında yenidən istintaq aparılacaq və işə ədalətli qiymət veriləcək, yüzlərlə zərərçəkənin haqqı yerdə qalmayacaq. Baş Prokurorluğun bu məsələni nəzarətdə saxlamasını gözləyirik”.

Qeyd edək ki, “Konstra MMC” şirkəti ilə əlaqədar narazılıqlar bir müddətdir ki, davam edir. Həmin vaxt məsələ ilə bağlı açıqlama verən Bəsrət Abbaslı bildirmişdi ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyəti yoxdur. Onun sözlərinə görə, sadəcə cavan olduğu üçün əksər görüşlərə atasını da aparıb.

Bənzər yazılar

0.060635089874268