Deputat Elman Məmmədov: “Prezidentin əvvəl Brüssel, sonra İtaliya səfəri ölkəmiz üçün olduqca vacibdir”

 02-09-2022

İtaliyanın Çernobbio şəhərində bu gün start verilən 48-ci beynəlxalq Çernobbio Forumunda Prezident İlham Əliyev xüsusi qonaq qismində iştirak edib. Dövlət başçısı beynəlxalq tədbirdə “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etdikdən sonra Forumun moderatorunun dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı ünvanladığı sualını cavablandırıb.

İlham Əliyev ilk olaraq Azərbaycanın öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurduğunu qeyd edib. Bu kontekstdə o, Azərbaycana qarşı beynəlxalq hüququn prinsiplərinin uzun illərdir pozulması faktını da xatırladıb. Həmçinin beynəlxalq hüququn qorunmasına cavabdeh olan beynəlxalq institutların fəaliyyətinin cari çağırışlara uyğunlaşdırılmasının vacibliyini də vurğulayıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, sanki uzun illərdir beynəlxalq hüquq öz əhəmiyyətini itirib, artıq güc mərkəzləri beynəlxalq hüquqa diktə etməyə başlayıblar:

“Bəli, bu bir reallıqdır ki, Azərbaycana qarşı beynəlxalq hüququn normaları uzun illər pozulub. Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən sonra bu normalar müəyyən qədər bərpa edilib. Amma yenə də hüquqların pozulması davam edir. Belə ki, bizim hələ də dörd min nəfərə yaxın insanımızın taleyi məlum deyil, məcburi köçkünlər minalara görə öz doğma yurdlarına tam şəkildə qayıda bilmirlər, Azərbaycan ərazisində işğalçı Ermənistana məxsus silahlı birləşmələrin üzvləri qalmaqdadır, sərhədlər müəyyənləşməyib və s. Bunlar ciddi məsələlərdir, Prezident də buna toxunaraq vəziyyəti izah etdi”.

Həmsöhbətimiz hesab edir ki, xüsusilə BMT bu problemlərin həlli ilə ciddi məşğul olmalıdır:

“Azərbaycan beynəlxalq hüququn tələblərinə həmişə əməl edir, o normaların yerinə yetirilməsinin tərəfdarıdır. Beynəlxalq arenada bu məsələyə toxunmaq isə çox ciddi məsələdir. Prezidentin əvvəl Brüssel, sonra İtaliya səfəri ölkəmiz üçün olduqca vacibdir.

Beynəlxalq forumda təhsillə bağlı məsələlər də həllini tapdı. Ümumiyyətlə, Prezidentin çıxışlarında vurğuladığı məqamların hamısı beynəlxalq hüququn müddəalarına, BMT-nin nizamnaməsinə, Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır”.

Bənzər yazılar

0.2120840549469