Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.
Buna səbəb səyyar qəbul zamanı etdiyi diqqətsizlik olub.
Belə ki, o, görüşdə özü və ətrafındakı vəzifəli şəxslərə (rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumlarının rəhbərləri) kölgədə yer rahatladığı halda, onun qəbuluna yazılan Uzuntala kəndinin sakinləri saatlarla günəşin altında oturmaq məcburiyyətində qalıblar.
Onu da vurğulayaq ki, qəbul zamanı yaşlı kişilər bağçalarda körpələrə verilən stullarda əyləşdiriliblər.
Başçının bu addımı isə kəskin şəkildə qınanıb, sərt reaksiyalara səbəb olub.
Məlumat üçün bildirək ki, görüş may ayının 20-si keçirilib.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin rayonun Uzuntala kəndinin sakinləri ilə görüşündə etdiyi diqqətsizliklə bağlı məsələyə aidiyyəti qurum reaksiya verib.
İcra hakimiyyətinin şöbə müdiri Elsevər Qumuxov bildirib ki, həmin kənddə qapalı məkan olmadığından səyyar görüş açıq havada keçirilib:
"Hava şəraiti qeyri-sabit idi. Həmin kənddə ibtidai siniflər üçün nəzərdə tutulmuş məktəb var. İclasda həmin məktəbin stulları yerləşdirilib".
"Qurum rəhbərlərinə stul tapıldı, vətəndaşlara tapılmadı?"- sualına isə sözügedən şəxs təkidlə "vətəndaşlara da stul verilib" cavabını verib.
Qeyd edək ki, Musa Şəkiliyev 2010-cu ildən Qax Rayon İcra Hakimiyyətinin başçısıdır.
Xatırladaq ki, ötən gün Oxu.Az mövzu ilə bağlı xəbər dərc etmişdi. Qeyd edilmişdi ki, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev görüşdə özü və ətrafındakı vəzifəli şəxslərə (rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumlarının rəhbərləri) kölgədə yer rahatladığı halda, onun qəbuluna yazılan Uzuntala kəndinin sakinləri saatlarla günəşin altında, bağçalarda körpələr üçün nəzərdə tutulan stullarda oturmaq məcburiyyətində qalıblar.
Ətraflı Baku TV-nin süjetində: