Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

 22-05-2024

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəməyə görə ittiham olunan zabitlərdən biri-Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadənin məhkəməsi davam edir.

TNS-in məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda artıq sənədlər tədqiq olunur.

Bugünkü iclasda müttəhim Məlikzadənin vəkili Vüqar Kazımov iki vəsatət qaldırıb. Vəsatətlərdən biri müvəkkilinin cinayət işi ilə bağlı həyat yoldaşının əmlakları üzərinə qoyulan həbs qərarı ilə bağlı olub.

Məlumat üçün deyək ki, Rəşad Məlikzadə 9 milyon manatlıq mənimsəmədə ittiham olunur. Bununla bağlı həyat yoldaşının adına rəsmiləşdirilmiş 684 min 200 manatlıq əmlak üzərinə həbs qoyulub. Söhbət Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən, hər biri 105 min manat dəyərində qiymətləndirilmiş kotteclərdən gedir.

Vəkil deyir ki, müvəkkili həbs edilməzdən əvvəl sözügedən əmlakları satışa çıxarıb. Hətta bir nəfərlə 800 min manata razılaşıb, 40 min manat da beh alıb. Lakin alıcı xaricdə olduğuna görə alış-veriş tam baş tutmayıb. Bu ərəfədə də Məlikzadə həbs edilib.

Vəkil dövlətə dəymiş ziyanın bir hissəsinin ödənilməsi məqsədilə həmin əmlakların üzərindən həbs qərarının götürülməsini xahiş edib.

Prokuror vəsatətlə ətraflı tanış olması üçün məhkəmədən vaxt istəyib.

Müdafiə tərəfi təqsirləndirilən şəxsin istintaqa təqdim etdiyi videoya baxış keçirilməsini də xahiş edib. Vəkil deyib ki, həmin videoda Rəşad Məlikzadənin işlədiyi vaxtda MN-in Maliyyə və Büdcə İdarəsinin rəhbər vəzifəli şəxslərinə 480 min manat verəcəyini etiraf etməsi əks edilib.

Məhkəmə hələ ki, bu vəsatətə də münasibət bildirməyib.

Proses gələn həftəyə kimi təxirə salınıb.

Qeyd edək ki, R.Məlikzadə də Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmədə iştiraka görə cinayət məsuliyyətinə cəlb edilib. Bu işin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparır. Məlikzadə ibtidai istintaqın əvvəlində azadlıqda olub. Lakin dövlətə dəymiş ziyan ödənilmədiyi üçün istintaq orqanının vəsatəti əsasında həbs edilib.(Qafqazinfo)

Bənzər yazılar

0.05718207359314