Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Report.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Zahir Tağıyev deyib ki, Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən kənd təssərrüfatı müəssisəsində işləyib. O, qeyd edib ki, Nizami Məmmədovla əlaqəsi olmayıb. Pul məsələləri ilə bağlı Akif Umudovla əlaqə saxlayıb.
“İşimizi aşırmaq və göndərdiyimiz məhsulun pulunun vaxtında ödənilməsi üçün Akiflə danışıb razılaşırdıq. Akifə öz qazancımızdan hörmət edirdik ki, pulu gecikdirməsin. Müqaviləni Satınalma və Təchizat İdarəsi ilə bağlayırdıq. Qazancımızdan müəyyən miqdarda pulu sürücü ilə həmin idarəyə göndərirdim. İdarədən Malik müəllimlə əlaqədə olurduq. Nazirlik ilə tender əsasında 2017-ci ildən etibarən işləməyə başladım. Mənim idarə etdiyim 30-a yaxın şirkət Müdafiə Nazirliyi ilə əməkdaşlıq edirdi. Onların hamısı mənə aid deyildi, yaxın adamlara məxsus şirkətlər də var idi. Müharibə vaxtı bu şirkətlərə işlərin görülməsi, pulun vaxtında alınması üçün köməklik edirdim. Satınalmaya “otkat”ı könüllü verirdik ki, işimiz axsamasın”, - şahid deyib.
Şahidin ibtidai istintaq verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsində ziddiyyət olduğu üçün istintaqdakı ifadəsini səsləndirib. Belə ki, şahid Z.Tağıyev istintaqda dindirilərkən deyib ki, pullarının vaxtında ödənilməsi üçün Akif Umudova üç faiz “otkat” verib, Akif Umudov da həmin pulu Nizami Məmmədova çatdırıb. Şahid məhkəmədə qeyd edib ki, o, Nizami Məmmədovu tanımır, pulu yalnız Akif Umudova verib. Onun pulu kimə verəcəyi barədə məlumatı olmayıb.
Məhkəmə iclasında şahid qismində dindirilən Rəhim Laçınovun sözlərinə görə, Müdafiə Nazirliyinin hərbi hissələrində təmir işləri aparan şirkətlərdən birində təmir bölməsinin müdiri olub.
Dövlət ittihamçısı şahidin DTX-də verdiyi ifadəsindən sitat gətirib. Belə ki, R.Laçınov deyib ki, aldıqları pulun müəyyən miqdarını “otkat” şəkilində qaytarılması Müdafiə Nazirliyinin vəzifəli şəxsinin göstərişi olub. Onun istintaqda verdiyi ifadəyə görə, tender əsasında MN ilə işləyən bir neçə şirkət nazirliyin həmin vəzifəli şəxsinin yaxın adamlarına məxsus olub.
“Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi Fikrət Mirzəyev tapşırmışdı ki, bu şirkətlərin işlərinə qarışılmasın. Fikrət Mirzəyevə görülən işlərdən aldığımız pulun üç faizini Maliyyə və Büdcə İdarəsinə, 15 faizini isə həmin vəzifəli şəxsə “otkat” verilməsi üçün qaytarırdıq” - şahid ibtidai istintaq zamanı bildirib.
R.Laçınov məhkəmədə verdiyi ifadəsində deyib ki, pulu yalnız Fikrət Mirzəyevə verib, onun da kimə verəcəyi barədə xəbəri olmayıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.