Beynimizi yalançı dinlə, vücudumuzu narkotiklə MƏHV EDİRLƏR... - Narkomaniyanın İran SƏRHƏDİ

 28-08-2022
Son illərdə hər gün narkotikə görə onlarla adam həbs olunur.

Artıq vəziyyət nəzarətdən çıxacaq qədər geniş yayılıb.
 
Narkomaniya böyük pulların dövr etdiyi sahədir. İddia edilir ki, Azərbaycanla bağlı məsələdə bir sıra xarici dövlətlər təkcə gəlir əldə etmək yox, həm də Azərbaycan gəncini narkotiklə məhv etmək məqsədi güdür.
 
Bəs həqiqətən də qonşu dövlətlərdən, xüsusilə İranın Azərbaycanla bağlı belə məqsədyönlü siyasəti varmı? Azərbaycan sərhəd qoşunları Azərbaycan İran sərhədi boyu nəzarət edirlər. Sərhəddə, gömrükdə özümüz dayanırıq. Niyə bu cür halların qarşısını ala bilmirik?
 
Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Bakupost.az -ın suallarını cavablandırıb.
 
Millət vəkili qeyd edib ki, müəyyən tədbirlər görülsə də, Azərbaycanda narkomaniya ilə mübarizə effektli şəkildə aparılmır: “Narkomaniyaya qarşı milli faciə kimi mübarizə aparılmalıdır. Fikrimcə, ayrıca dövlət komissiyası formatında bu mübarizənin elə də effekti olmur. Bunun üçün Prezidentin nəzarətində olan xüsusi komitə yaradılmalı və bu komitədə Milli Məclisin təmsilçiləri də olmalıdır. Həmin komitə daimi işləyən orqan kimi narkomaniyaya qarşı sivil mübarizəni təşkil edərək fəaliyyət göstərməlidir. Əlbəttə ki, hüquq-mühafizə orqanları bunun kriminal tərəfinə daha çox baxırlar. Hələ ki bu böyük təhlükəni görmək istəmirlər. Yaxud burada hansısa bir maraqlar var ki, bu məsələnin üzərinə gedilmir. Amma bu faciə bütün ailələri bürüməkdədir”.
 
NARKOTİKLƏRİN YAYILMASI ÜÇÜN DÖVLƏT PROQRAMI VAR!
 
F.Mustafa da bildirib ki, narkotik vasitələr qonşu dövlətdən ölkəmizə qarşı məqsədyönlü şəkildə yayılır:  “Qonşu ölkədə dövlət proqramı var ki, Azərbaycana bu narkotiki yaysınlar. Necə ki, beynimizi başqa dini təbliğatla yuyublar, indi də vücudumuzu narkomaniya ilə məhv etməyə çalışırlar. Bu məsələdə də həssaslığımız sıfır dərəcəsindədir.
 
Tutulan insanların haradan gəldiyinə baxsanız görərsiz ki, məhz onlar tapşırıqla bu işə təhrik olunublar. Bizdə buna qarşı ancaq hüquq-mühafizə orqanlarının imkanları ilə mübarizə aparırıq. Bəzən hüquq-mühafizə orqanlarının içində bunu dəstəkləyən, aşağı səviyyədə şəxslər də olur ki, bundan mənfəət əldə edirlər. Bu məsələni təkcə Sərhəd Qoşunları, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyinin üzərinə yıxmaq olmaz. Bu, çox ciddi məsələdir. Məncə, bunun üzərində geniş müzakirələr açılmalıdır. Dövlət başçısının birbaşa nəzarəti altında, cəmiyyəti səfərbər edərək mübarizə aparmalıyıq”.
 
ONLARA HƏBSXANA YOX, XƏSTƏXANA VERİN...
 
Millət vəkili vurğulayıb ki, narkomaniya ilə mübarizədə müalicə sektoru da çox zəifdir: “Narkomanları yerləşdirmək üçün yerlər yoxdur. Sağlamlıq, müalicə müəssisələri demək olar ki, effektli səviyyədə deyil. Bölgələrdə ümumiyyətlə bu böyük fəlakətdir. Çox vaxt narkomaniyanın gizlədilməsi prosesini görürük. Gizlədilmə daha təhlükəlidir. Çünki başqalarına daha çox yoluxdurma imkanı əldə edirlər. Yəni, biz buna ancaq kriminal kimi baxmağa başlayırıq. Adamları həbsə doldurmaqla məsələ həll olunmur. Həbsxanaların 70%-dən çoxu narkotik motivli cinayətlərə görə həbs olunanlardır.Hazırda sərhədlərimizi daha ciddi şəkildə möhkəmlətməliyik. Burada narkotik yayan bütün şəbəkələri dağıtmalıyıq. Əks halda Azərbaycan böyük bir narkoman ordusu ilə üz-üzə qalacaq. Onsuzda ölkəni cəhalət kifayət qədər öz təsiri altına alıb. Üstəlik narkomaniya da gücləndikcə biz daha böyük sıxıntılar yaşamış olacağıq”.
 
BU MÜBARİZƏDƏ HAMININ PAYI OLMALIDIR...
 
Millət vəkilinin sözlərinə görə, narkomaniya ilə mübarizədə dəfələrlə təkliflər versələr də, diqqətə alan olmayıb:“Bununla bağlı dəfələrlə təkliflər irəli sürmüşük. Hesab etmirəm ki, bizim təkliflərə diqqətlə yanaşılır. Çünki heç kim özünə aid olan məsələdə başqasının hansısa bir fikir söyləməsinə xoş yanaşmır. Amma bütün cəmiyyətdə bu bəlaya mübtəla olmuş insanlar var. Hamının bu mübarizədə payının olmasını təmin etmək lazımdır ki, biz bu bəladan qurtaraq. Xüsusilə də televiziya, media və bütün sahələrdə bu mübarizəni total şəkildə genişləndirməlidir.
 
Yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətini gücləndirmək lazımdır. Bu bəlaya qarşı laqeyd münasibət göstərmək cinayətdir. Bu mübarizə istiqamətində QHT-ləri stimullaşdırmalıyıq. Onlara imkan yaratmalıyıq ki, həm də özəl müalicə sektorunun inkişafını təmin edə bilsinlər. Dövlət nəzarəti üzərində olmaqla bu heç olmasa müalicə olmaq istəyən insanları xilas etmək mümkün olsun”.

Bənzər yazılar

0.31338787078857