“Bir çox adamlarda tənbəllik yaranıb. Cəlilabad rayonunda kartof əkini, çiyələk əkini sahibkarları ilə danışıram ki, bəs filan kəsləri işə götürün, onların sosial durumu yaxşı deyil, işləsinlər. Deyirlər çağırırıq, onlar da "mən bu istidə işləyə bilmərəm” deyib işdən yayınırlar. Yəni, ələbaxımlılığa öyrəşmiş insanlar var ki, gözləyirlər ki, onlara dövlət tərəfindən hər hansı vəsait ayrılsın. Bu kölgədə otursun və işlərə qatılmasın”.
MillətinSəsi.İnfo xəbər verir ki, bunu Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Mən Cəlilabadın timsalında bunu görürəm ki, o insanlar ki, sözün həqiqi mənasında zəhmət çəkirlər, əkinlə, biçinlə məşğuldurlar, mal-heyvan saxlayırlar, onun satışını təşkil edirlər, kartof, çiyələk, buğda əkirlər, hansı ki, o torpaq sahələrinə malikdirlər, onların güzəranı normaldır. Amma digərləri gözləyirlər ki, kimsə ona köməklik etsin, dövlət onlara müavinətlər versin. İşləmək lazımdır.
Məsələn, mən gecə yuxusuz qalıb, səhər 4-ə, 5-ə qədər yazılarımı işləyirəm, məqalələrimi yazıram, təhlillərimi aparıram. İndi mən deyim ki, yox, mən yatmalıyam? İndi həmişəkindən daha çox çalışmaq lazımdır. Çünki artıq zaman dəyişib, dövran dəyişib. Belə olan vəziyyətdə ailəni saxlamaq üçün zəhmət çəkmək mütləqdir. Sözün həqiqi mənasında zəhmətkeş olmaq lazımdır. İndi zəhmətkeş insanlar, günün altında işləməyi bacaran insanlar, işdən qorxmayan insanlar daha yaxşı yaşayırlar”, - deputat bildirib.