Ceyhun Bayramov: “Xocalı caniləri məhkəmə qarşısında cavab verirlər”

 26-02-2024

“Bu gün Xocalı faciəsinin 32-ci ildönümü qeyd edilir. Ermənilərin ölkəmizə qarşı çoxsaylı təcavüzün içində ən faciəvi tarixdir”.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, uzun illər ərzində Azərbaycan dövləti Xocalı soyqırımını törətmiş hərbi cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər görüb:

“Uzun illər ərzində onların məsuliyyətə cəlb edilməməsi Ermənistanda cəzasızlıq mühiti yaratmışdı. Bəzi hərbi cinayətkarları, Xocalı caniləri son dövrdə cinayət məsuliyyətinə cəlb edilib və məhkəmə qarşısında cavab verirlər”.

O qeyd edib ki, bu istiqamətdə işlər də davam etdirilir. “Son beş ay ərzində razılaşmalar əldə olunmasa da, Ermənistanla şərti sərhəddə sülh və sakitlik mövcud idi”.

Onun sözlərinə görə, beş aya yaxın müddətə nəzər saldıqda bəzi çevrələrin bundan narahat olduğu görülür: “Onlar əllərindən gələni edirlər ki, vəziyyət dəyişsin, gərginlik olsun. Hər bir Azərbaycan vətəndaşı bunun şahidi olub. Avropa İttifaqının şərti sərhədin yaxınlığında olan missiyasının hərəkətləri, orada heç bir gərginlik olmasa da, bu məsələnin daim gündəmdə saxlanılması vəziyyətin sanki kritik olmasına xidmət edirdi”.

Onun sözlərinə görə, həmin missiyanın nəzarət zonasından sabitliyin pozulması, heç bir əsas olmadan snayper atəşi ilə hərbçimizin yaralanması kimi hallar qeydə alındı:

“Bütün bu istiqamətlərdə müsbət addımlar atılan zaman Fransa canfəşanlıq edərək məsələni gərginləşdirir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlarda müəyyən fasilə baş verib. Amma sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir”.

Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra prosesə yenidən start verilməsinə qərar verilib:

“Yaxın günlərdə sülh müqaviləsi üçün Ermənistanın nümayəndə heyəti ilə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır”.

Bənzər yazılar

0.16728401184082