İcra başçısı sahibkara TORPAQ VERDİ: Polis isə CİNAYƏT İŞİ AÇDI

 05-08-2022

2020-ci ilin sentyabr ayında Neftçala rayonu 2-ci Mayak kəndi yaxınlığında yerləşən “Kürağzı dövlət fond torpağı”nda 100 hektar torpaq sahəsi almaq üçün rəsmi qaydada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidova müraciət etdim. 2020-ci ilin oktyabr ayında mənə həmin ərazidə monitorinq işləri bitdikdən sonra torpaq ayırılacağı ilə bağlı cavab verdilər.

Bu sözləri Axar.az-a Neftçala rayon sakini, birinci Vətən müharibəsi iştirakçısı İslam Bayramov İH tərəfindən aldadılmasını iddia edərkən deyib.

O, 2021-ci ilin fevral ayında Dairə torpaq komissiyasının sədri Zaur Kərimovun onu dəvət etdiyini, M.Seyidovun tağşırığına əsasən ona torpaq sahəsi veriləcəyini bildirdiyini qeyd edib:

“Bütün lazımi sənədləri onlara təhvil verməyimi istədilər. Fevral ayından vaxtı uzatdılar və nəhayət sentyabr ayında iqtisadiyyat bölməsinin baş məsləhətçisi Vüsal Ağabəyov və iqtisadiyyat bölməsinin şöbə müdürü Aqil Quliyevin iştirakı ilə sənədlər hazırlandı, mən 5 yerə imza çəkdim. Mənə “torpaq artıq sənindir, narahat olma” deyib yola saldılar.

Kimsə qeyri-qanuni işlədiyimi deməsin deyə, sənədi tələb etdim. Dəfələrlə Mirhəsən Seyidovun qəbuluna gedib şəxsən özü ilə danışdım ki, dəqiq mən o torpaqda iş görə bilərəmmi? İcra başçısı hər görüşdə mənə dedi ki, torpağı mən sizə vermişəm, heç kim o torpağı sizdən ala bilməz, ora sizindir.

Lakin 10 dekabr 2021-ci il tarixində biz cinayət məsuliyyətinə cəlb olunduq. Bizə torpağı verən şəxslərdən biri Aqil Quliyev məhkəmədə şahid qismində iştirak edərək bizə torpağın verilmədiyini dedi”, - İ.Bayramov deyib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən icra başçısının birinci müavini Şaiq Məmmədov hadisədən xəbərsiz olduğunu qeyd etdi. Adı çəkilən A.Quliyev və Z.Kərimovun mövqeyini öyrənmək isə mümkün olmadı.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov saytımıza bildirdi ki, həmin faktla əlaqədar İslam Bayramov deyil, oğlu İsbat Bayramov məsuliyyətə cəlb olunub:

“Neftçala rayon sakini İsbat Bayramov rayonun 2-ci Mayak kəndi ərazisində Neftçala rayonunun Kürağzı Asudə Dövlət Fonduna aid dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 100 hektar torpaq sahəsində 2021-ci ilin oktyabr ayından başlayaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan şumlama işləri aparıb, kənd təsərrüfatı bitkiləri əkib becərməklə torpaq sahəsini özbaşına tutub. Həmin şəxsin törətdiyi əməllə bağlı Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən cinayət işi açılıb, toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə onun barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası seçilib”.

Bənzər yazılar

0.58878493309021