Deputat Məzahir Əfəndiyev: “Mötəbər tədbirlər Azərbaycanda qərarlaşıb”

 12-01-2024

“2015-ci ildə Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilən Dayanıqlı İnkişaf Məqsədləri (DİM) universal sənədinin müəyyənləşdirdiyi əsas istiqamətlərdən biri də - İqlim dəyişikliyinə qarşı mübarizə idi (DİM13)”.

Bunu açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.

O bildirib ki, “Heç kəsi kənarda qoymayaq” prinsipini özündə ehtiva edən “2030 Gündəliyi” universal sənədinin qəbul olunması, eyni zamanda  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Parisdə keçirilən 21-ci sessiyasına təsadüf etmişdi. Belə ki, məhz həmin sessiya çərçivəsində Azərbaycanın da 22 aprel 2016-cı ildə imzaladığı və həmin ilin oktyabr ayında Milli Məclisdə ratifikasiya olunan Paris İqlim Sazişi imzalanmışdı:

“Ümumiyyətlə 20-ci əsrin ortalarından bəri dünya dövlətləri və insanlar dünyanın iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərib və qlobal miqyasda dəyişikliklərə səbəb olublar. Bu gün artıq bütün planetdə iqlim dəyişikliyinin təsirləri əhəmiyyətli dərəcədə hiss olunur.

Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti hər zaman ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olub. Son 20 ildə Prezident İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən istiqamət məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olmasıdır.

Yaşıl inkişaf gündəliyinə uyğun olaraq ekoloji təhlükəsizliyin təmin edilməsi, eləcə də bu strategiyanın koordinasiyasında milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, iqtisadiyyatın dekarbonizasiyası ölkənin iqtisadi, habelə insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlib.

Görülən işlər çərçivəsində 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olundu, 2013-cü ildə ölkəmiz MDB məkanında elan olunan ekoloji il çərçivəsində bir sıra regional və beynəlxalq tədbirlər həyata keçirildi, eləcə də 2 fevral 2021-ci il tarixində imzalanmış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qarşıya qoyulmuş hədəflərdən biri də təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olaraq müəyyən edildi”.

Deputat 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin ölkəmiz üçün yeni çağırışları ortaya qoyduğunu bildirib:

“Xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə törədilən ekoloji terrora baxmayaraq, kütləvi yenidənqurma və məcburi köçkünlərimizin doğma yurdlarına geri qaytarılması işləri Azərbaycan üçün ekoloji təmiz Ağıllı Şəhər və Ağıllı Kənd yanaşmasından, alternativ enerji mənbələrindən və yaşıl texnologiyadan istifadə etməklə görülür.

Azərbaycan bu gün də qlobal çağırışların lokallaşdırılması istiqamətində aktiv və uğurlu fəaliyyət aparır. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkə başçısı tərəfindən 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan olundu. Bu, ondan xəbər verir ki, hökumət bu günə qədər görülmüş işlərlə bərabər olaraq, görülməsi nəzərdə tutulan işləri də düzgün müəyyən edir, bundan sonra da Azərbaycan xalqının gələcəyə hədəflənmiş yüksək rifahını nəzərdə tutan məqamların ətraflı əlaqələndirməsini həyata keçirəcək.

Ölkəmizin beynəlxalq nüfuzunun artması, regionda baş verən geosiyasi proseslərdə əsas aktora çevrilməsi, həmçinin konstitusion olaraq müəyyən edilmiş ərazi bütövlüyü və suverenliyini bərpa etməsi dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilmiş və məntiqi olaraq bu il Azərbaycan artıq Cənubi Qafqazın təhlükəsizliyi ilə yanaşı, regionun bütün ətraf mühitinin qorunması istiqamətində əlavə öhdəliklərə imza ataraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edir.

Prezident İlham Əliyevin COP29-la bağlı qeyd etdiyi kimi, “Hesab edirəm ki, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həm dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən, BMT Baş Assambleyasından da daha mötəbərdir”. Baxmayaraq ki, müasir, müstəqil gənc Azərbaycan dövləti böyük dünya əhəmiyyətli forumların, tədbirlərin keçirilməsində artıq kifayət qədər təcrübəyə malikdir, lakin yenilənən texnoloji imkanlar, gələcəyə doğru sürətlə dəyişən baxışlar, habelə dördüncü sənaye inqilabının gətirdiyi çağırışlar bu tədbirə daha yaxşı hazırlaşmağımızı diktə edir. Əminəm ki, bu mötəbər tədbiri uğurla, ən yüksək səviyyədə keçirməklə, Azərbaycan 21-ci əsrin proqressiv dövləti adını qazanacaq.

Bu baxımdan, təsadüfi deyil ki, COP29-un ardınca Azərbaycan BMT-nin 2026-cı ildə daha bir mötəbər tədbirinə ev sahibliyi edəcəkdir. Nəzərə alaraq ki, şəhərlər və şəhər inkişafı üçün iqlim problemlərinin həlli bu gün prioritet istiqamət olaraq qalmaqdadır, BMT-nin İnsan Məskənləri Proqramının (UN-HABİTAT) 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair qərar dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın qlobal arenada gördüyü işlərə verilən düzgün qiymət oldu.

Ölkə başçısının “Hər halda bu iki tədbirin keçirilməsi doğrudan da böyük hadisədir və əminəm ki, hər iki tədbir uğurla keçiriləcək və gələn qonaqlar Azərbaycan reallıqları ilə tanış olacaqlar” sözləri müasir Azərbaycan Respublikasının qədəm qoyduğu yeni dövrdə müəyyən etdiyi yeni hədəflərə doğru kökləndiyini ortaya qoyur.

Beləliklə, beynəlxalq müstəvidə əldə etdiyimiz bütün uğurlar, qazandığımız nailiyyətlər Prezident İlham Əliyevin dünyada sülhün və davamlı inkişafın təmin olunması istiqamətində apardığı siyasətinə olan etimadın bariz göstəricisidir”.

Bənzər yazılar

0.18961596488953