İkinci Milli Yaylaq Festivalının açılış mərasimi OLUB

 30-07-2022

Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə keçirilən ikinci Milli Yaylaq Festivalı davam edir.

“Report” xəbər verir ki, festivalın ikinci günündə rəsmi açılış mərasimi baş tutub.

Festivalda xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyaları nümayiş olunub.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycanda yaylaq və qışlaq mədəniyyəti hər zaman mövcud olub:

“Yaylaq mədəniyyətimizin vacib hissəsidir. Yaylaq Vətən anlayışımızın bir hissəsidir. Festivalda müxtəlif kollektivlər, 20-yə yaxın ölkənin nümayəndələri iştirak edir. Gələcəkdə bu festivalın hər il Hacıkənd yaylağında keçirilməsi nəzərdə tutulur".

Gənclər və idman naziri Fərid Qayıbov isə vurğulayıb ki, festivalda təkcə milli deyil, müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq mümkündür. Günün sonunda ifaçıların və rəqs qrupların çıxışlarından ibarət konsert proqramı baş tutub.

Qeyd edək ki, festival sabah da davam edəcək.

 

Bənzər yazılar

0.20856904983521