Şuşada Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin ilk təsis konfransı keçirilib

 10-12-2023

“Şuşa 2023-cü il Türk Dünyasının Mədəniyyət paytaxtı ili” nin bağlanış mərasimi çərçivəsində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin ilk təsis konfransı keçirilib.  

İclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Türkmənistanın Mədəniyyət naziri Atageldi Şamuradov,  Eskişehir (Türkiyə), Bursa (Türkiyə), Türkistan (Qazaxıstan), Oş (Qırğızıstan), Anev (Türkmənistan) və digər şəhər və vilayətlərin vali və məsul şəxsləri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov ilk dəfə olaraq məhz tarixi, 2023-cü il Türk Dünyasının Mədəniyyət paytaxtı seçilmiş Şuşa şəhərində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransının keçirilməsini mühüm hadisə adlandırmış və imzalanacaq birgə sənədin türk dünyası üçün xüsusi əhəmiyyət daşıyacağını diqqətə çatdırılıb.

Təsis konfransının açılış nitqlərindən sonra TÜRKSOY tərəfindən Türk Dünyası Mədəniyyət Paytaxtı seçilən şəhərlərin sosial, mədəni iqtisadi inkişafına töhfə vermək və bu şəhərlərin beynəlxalq aləmdə tanıdılması, turizm potensialının inkişaf etdirilməsi məqsədi ilə Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin (TÜRKBİR) birgə bəyanat sənədi imzalanıb.

Sonda TÜRKBİR-in üzv rəhbərlərinin yekdil səs çoxluğu ilə Bursa Büyükşehir Belediye Başkanı Alinur Aktaş quruma sədr seçilmişdir.

Məlumat üçün bildirək ki, TÜRKSOY Daimi Şurasının 2022-ci ilin 5 noyabr tarixində Türkiyə Respublikasının Bursa şəhərində keçirilən 39-cu iclasında əldə edilmiş razılığa əsasən, Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis edilməsi ilə bağlı yerli icra orqanlarının ilk hazırlıq iclası cari ilin 30 iyun tarixində Türkmənistanın Arkadağ şəhərində keçirilib. Sözügedən iclasda Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis və ilk iclaslarının Şuşa şəhərində keçirilməsi təklif edilib.





Bənzər yazılar

0.16060090065002