“Hamıdan halallıq istəyəndə şübhələndik ki, nə isə var” – Hüseyn Axundovun anası

 07-12-2023

Ermənistanda əsir saxlanılan və bu gün ömürlük azadlıqdan məhrum edildiyi deyilən Azərbaycan əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova danışıb.

O, “Report.az”a bildirib ki, sonuncu dəfə noyabrın 23-də oğlu ilə telefonla əlaqə saxlayıb, 3 gün sonra isə məktubu və videosu gəlib.

“Hamıdan halallıq istəməyinə görə şübhələndik ki, nə isə var. Bu gün səhər eşitdim ki, oğluma ömürlük həbs cəzası veriblər. İnanmadım. Sonradan sosial şəbəkələrdə də xəbərlər oxudum. Hələ də ümidimiz üzülməyib. Dövlətimizə inanırıq”, - Axundova bildirib.

Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar

Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Qeyd edək ki, Aqşin Bəbirov Sünik rayon ümumi yurisdiksiya məhkəməsinin hökmü ilə 11,5 il müddətinə azadlıqdan məhrum edilib. O, sərhədi qanunsuz keçməkdə, dövlət sərhədindən qanunsuz olaraq odlu silah və döyüş sursatı keçirməkdə təqsirli bilinib.

Hüseyn Axundov isə Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirli bilinərək 20 il həbsə məhkum edilmişdi. Bu gün isə Ermənistanın Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsi bu ölkədə əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovla bağlı cinayət işinə baxılması və onun ömürlük azadlıqdan məhrum edilməsi barədə KİV-də xəbərlər yayılıb.

Bənzər yazılar

0.16626191139221