Kəlbəcərdə saxlanılan erməni diversant: "Mənə yazığınız gəlsin"

 04-12-2023

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yeniavaz.com xəbər verir ki, proses Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilib.

Prokuror ittiham aktının qanuna uyğun qaydada tərtib edildiyini, həmçinin seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığını deyərək işin məhkəmə baxışına verilməsini tələb edib.

Voskanyan Qaqik Aşotinin və vəkili Dilsuz Məmmədov hazırkı mərhələdə vəsatətlərinin olmadığını deyərək, işin baxışa verilməsinə etiraz etməyiblər.

“Mən verilən tapşırıqları yerinə yetirmişəm. Mənə yazığınız gəlsin”, - V.Q.Aşotin deyib.

Məhkəmənin qərarına əsasən iş baxışa verilib. Cinayət işini Sabunçu Rayon Məhkəməsinin inzibati binasında eyni hakimlər araşdıracaq. İlk baxış iclası dekabrın 11-ə təyin edilib.



Qeyd edək ki, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı birləşmələrinin üzvü Voskanyan Qaqik Aşotoviç Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bənzər yazılar

0.16303586959839