BQXK Ermənistandakı Azərbaycan hərbçilərinə baş çəkib

 29-11-2023

Noyabrda ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Ermənistanda saxlanılan azərbaycanlı hərbçilərə yenidən baş çəkiblər.

Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb:

“Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdikləri məlum olub.

Hər iki əsgər Ermənistanda saxlanılıb və onlara cinayət işi açılıb. Bir müddət əvvəl keçirilən məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib. İyunun 21-də isə qətl işində ittiham olunan Hüseyn Axundova 20 il həbs cəzası kəsilib.

Bənzər yazılar

0.13959503173828