Şəhid anası: “Heç olmasa, balamın şəkillərini, paltarlarını qoymağa otağımız olsun” – Video

 24-11-2023

“Mən antiterror əməliyyatlarında şəhid olmuş Cavid Əliyevin anasıyam. Mən dövlət başçısına, aidiyyəti qurumlara bildirmək istəyirəm ki, bizim evimiz 2 il bundan əvvəl qaz idarəsinin səhvi ucbatından partlayıb. Lazım olan yerlərə müraciət edilib, məhkəmə keçirilib, ancaq nəticə yoxdur. Bu ev partlayandan sonra iki oğlum əsgər getdi, uşaqlarıma yığıncaq belə təşkil edə bilmədim. Arzumuz idi ki, inşallah, oğlum gələndə ona qurban kəsim, yığıncaq təşkil edim. Olmadı”.

Bu sözləri Yeniavaz.com-a 2021-ci il dekabrın 28-də Mingəçevir şəhəri Günəşli bağlar massivi 12-ci küçə ərazisində yerləşən fərdi evlərin birində qaz sızmasından baş verən güclü partlayış zamanı evi dağılaraq yararsız hala düşən Pərvanə Əliyeva deyib.



P. Əliyeva, həmçinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı sentyabrın 19-da şəhidlik məqamına ucalan Cavid Əliyevin anasıdır.






O bildirir ki, ailəsi ilə birlikdə 17 il həmin evdə yaşayıb. 3 oğul övladı da həmin ünvanda dünyaya göz açıblar. P. Əliyeva deyir ki, bu gün üstündən iki il keçməsinə baxmayaraq, hələ də problem həllini tapmayıb, belə demək mümkünsə, çöllərdə qalıblar:

“Nə oturası, nə uşaqlarımı qarşılayası bir yerimiz yoxdur. Oğlum şəhid oldu, onu da atamgilin həyətində qarşıladıq. Nə salamatını qapımızdan yola sala bildik, nə şəhid olmuşunu qapımızda qarşılaya bildik. İndi ikinci oğlum gəlməlidir, üçüncü oğlum da 6 aydan sonra əsgər getməlidir. Nə yerimiz var, nə yurdumuz. Şəhid olan balamın şəkillərini qoymağa da yerim yoxdur.

Aidiyyəti orqanlardan xahiş edirəm, kim bu işlə məşğuldur, qaz idarəsindən tələb etsinlər, dəyən ziyanı ödəsinlər, bizim evimizi tikib versinlər. Heç olmasa, uşağımın ilini öz qapımızda verim. Gələn o biri oğlumu öz evimizdə qarşılayım, o biri oğlumu da buradan yola salım. 17 ildir, biz burada yaşayırıq. Uşaqlarım bu həyətdə böyüyüblər. Amma biz bu həyətdə heç nə edə bilmədik. Çox xahiş edirəm, bizim bu işimizə baxılsın.

İki ildir bu partlayış olub. Nə qədər yerə müraciət etmişik, nə qədər məhkəmə olub, heç bir nəticə yoxdur. Neçə dəfə məhkəməyə getmişik, heç düzgün qərar da verilməyib.



Uşaqlar əsgər gedəndən sonra həmişə xəbər alırdılar ki, ana vəziyyət necədir. Onda məhkəmə də davam edirdi. Mən də deyirdim ki, ay oğul, heç bir nəticə yoxdur. Deyirdi ki, ana, eybi yoxdur, heç nə olmaz, onun fikrini eləmə, Allah qoysa, gələk yığışaq, özümüz həll edərik.

Yaşadığımız bu ev də özümüzün deyil, qonşunun evidir. Hamı da bilir ki, 17 ildir uşaqlarımın böyüdüyü ev o evdir. Balamın arzusu ürəyində qaldı. Nə gəlib evi gördü, nə anasına qovuşdu. Ona görə də, istəyirəm ki, o evi düzəldək, balamın heç olmasa orada bir otağı olsun, şəkillərini qoyum, paltarlarını qoyum, balamın yatdığı yatağı qoyum. Çox xahiş edirəm sizdən, balamın da, mənim də arzumuzu ürəyimizdə qoymayın”.

 

Qeyd edək ki, sözügedən partlayış nəticəsində 22-ə yaxın evə ciddi ziyan dəymiş, 2 ev isə tamamilə dağılmışdı. Evində partlayış baş verən evi tamamilə dağılan Yaqub Məmmədov da bu gün oğlu ilə birgə şəhid ailəsinin taleyini yaşayır.

Bənzər yazılar

0.16453790664673